"Hazırkı situasiyada müşahidə edilən mənzərə ondan ibarətdir ki..."
Məlum olduğu kimi, Qurban bayramı ilə əlaqədar Suriyada atəşkəs elan olunub. Qeyd edək ki, atəşkəs elan olunması barədə razılaşma sentyabrın 10-da İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında keçirilən 13 saatlıq görüşdən sonra əldə edilib.
Suriya rəhbərliyi Rusiya və ABŞ XİN rəhbərləri Sergey Lavrov və Con Kerrinin əldə etdiyi ölkə ərazisində atəşkəs rejiminin tətbiqinə dair sazişi dəstəkləyib.
Sentyabrın 13-də Suriyada döyüşlərin dayandırılmasının tam bir günü tamam olub.
Rusiya və Birləşmiş Ştatların vasitəçiliyi ilə əldə olunan bu razılaşmanı ABŞ dövlət katibi Con Kerri "vahid Suriyanı xilas etməyə sonuncu fürsət" adlandırıb.
Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı sentyabrın 12-də axşam bildirib ki, atəşkəs qüvvəyə minəndən sonra, demək olar, bütün cəbhələrdə sakitlik hökm sürüb.
Kerri Vaşinqtonda jurnalistlərə deyib ki, "nəticə çıxarmağa hələ çox tezdir", amma onu da qeyd edib ki, atəşkəs qüvvəyə minəndən iki saat sonra aldığı məlumatlarda zorakılığın nisbətən azaldığı bildirilir.
O da məlum olub ki, atəşkəsə bir həftə əməl olunsa, ABŞ və Rusiya "Cəbhat Fateh əl-Şam" və "İslam Dövləti" (İŞİD) qruplaşmasına zərbələr endirməkdən ötrü birlikdə işləməyə başlayacaq. "Əl-Qaidə"yə bağlı "Cəbhat Fateh əl-Şam" daha öncə "Cəbhat ən-Nusra" kimi tanınırdı. Amma atəşkəs ekstremist qruplara aid deyil. Qərar həm də humanitar yardımın təmin olunması məqsədilə qəbul edilib.
Bütövlükdə Lavrov-Kerri razılaşması Suriya üçün nə perspektiv vəd edir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə buna bir neçə prizmadan yanaşdı: "İndidən bununla bağlı konkret fikir söyləmək çətindir. Çünki son məlumatlara görə, atəşkəs pozulur. Ancaq onu da nəzərdən qaçırmaq olmaz ki, 5 ilə yaxındır Suriyada cərəyan edən proseslərdə artıq müəyyən qədər müsbət məcraya doğru inkişaf tendensiyaları özünü göstərir. Hazırkı situasiyada müşahidə edilən mənzərə ondan ibarətdir ki, dünənə qədər Suriyada qarşı-qarşıya gələn qüvvələr, ölkələr indi Suriya probleminin həlli, bu ölkədə sülh və sabitliyin əldə olunması məqsədilə birgə çalışmağa üstünlük verir. Bir il əvvəl tamamilə fərqli proseslər cərəyan edirdi. Hər halda, ən azından, Türkiyə və Rusiyanın timsalında bunu görmək mümkündür. Keçən ilin sentyabrından Suriya məsələsi üzündən sanki bir-birinə qarşı düşmənə çevrilən Ankara və Moskva bu gün eyni məsələdə ortaq mövqe sərgiləyir. Bu da, öz-özlüyündə, yaxın vaxtlarda Suriya probleminin həllinə olan ümidləri müəyyən mənada artırır. Ancaq bu o demək deyil ki, yaxın perspektivdə tərəflər mütləq ortaq məxrəcə gələcək. Bunun üçün regiondakı güc mərkəzlərinin uzlaşmasına ehtiyac var. Bu da elə də asan görünmür".
Vidadi ORDAHALLI