Hər şey Ermənistandan asılıdır...
Cari ildə məlum aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müəyyən intensivləşmə müşahidə olunsa da, son dövrlərdə bu prosesin səngidiyi faktdır. Bu vəziyyət isə ərazisi işğal altında qalan Azərbaycanın maraqları ilə ziddiyyyət təşkil edir. Belə vəziyyət, öz növbəsində, müharibə risqini də artırır.
Müharibə risqinin gedərək artması Ermənistanda da açıq etiraf olunur və böyük qorxu ilə qarşılanır. "Modus Vivendi" mərkəzinin rəhbəri Ara Papyan yaranmış vəziyyətin ölkəsi üçün əlverişli olmadığını bildirir: "Əvvəlcə status qarşılığında ərazi güzəştindən danışılırdı, sonra isə sülh qarşılığında status söhbəti başladı. Son müzakirələrin gedişində isə bu prinsip ərazi əvəzinə aralıq status anlamı daşımağa başlayıb. Bu, yenilik deyil. Biz 1994-cü ildə nəyi "əkmişdiksə", Madrid prinsipləri ilə nəyi inkişaf etdirmişdiksə, onu də indi "biçirik"... Sülh naminə güzəştlər sülhə deyil, dəhşətli müharibəyə gətirəcək. Bizim seçimimiz pislə ən pis arasındadır. Pis hazırkı vəziyyətdir. Ərazi güzəşti situasiyanın daha da pisləşməsinə gətirəcək. Çünki "DQR" asan hədəfə gələcək, onun yaşayış məntəqələri atəş altına düşəcək". Müharibə risqinin böyük olması ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik tərəfindən də etiraf olunur. O, "İnterfax"a müsahibəsində qeyd edir: "Bir çoxları Dağlıq Qarabağ münaqişəsini dondurulmuş adlandırır, amma gördüyümüz kimi, xüsusilə də son vaxtlar bu heç də belə deyil". Həmsədr bunun olduqca aktiv münaqişə olduğunu bildirib: "Bu çox aktiv münaqişədir. Biz aprelin əvvəlində onun nə dərəcədə təhlükəli ola biləcəyini gördük. Bir neçə il öncə mən bu vəzifəyə keçəndə daha çox snayperlər təhlükə yaradırdılar. Və çoxlu sayda insanın snayper gülləsi ilə öldürülməsi çox məyusedicidir. Bu gün vəziyyət daha da təhlükəlidir. Çünki biz burada raket və digər ağır texnikaların mövcudluğunu görürük. Biz apreldə bunun nə dərəcədə təhlükəli ola biləcəyini gördük. Düşünürəm ki, bütün bu ağır texnikalarla münaqişənin gərginləşməsi risqi var. Təhlükə sadəcə gərginləşmə ilə bağlı deyil, mənfi nəticələrə gətirib çıxara biləcək səhv hesablamalar da ola bilər.
Ona görə, mən bunu tam da dondurulmuş münaqişə adlandırmazdım, mən onu olduqca aktiv, tərəfimizdən böyük diqqət tələb edən münaqişə adlandırardım. Düşünürəm ki, bu münaqişəni idarə olunan hesab edənlər yanılır. Bu səbəbdən nizamlanmanın yolları, düşünürəm ki, Rusiya, Fransa və ABŞ-ın birgə işləyə biləcəyi sahədən keçir". Hələlik isə həmsədrlər problemin çözümü istiqamətində əməli addımlar atmır. Yuxarıda qeyd olunduğu kimi, bu hal Qarabağda müharibə ehtimalını artırır. Müharibənin qarşısı isə Ermənistanın konstruktiv mövqe sərgiləməsi ilə alına bilər. Bunu ABŞ-ın "Atlantic Counsil"in analitiki, diplomat Con Erbst də təsdiq edir: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə razı olarsa və əraziləri qaytararsa, bu, müsbət nəticələrə səbəb ola bilər". Onun sözlərinə görə, Ermənistan ərazi qaytarsa və münaqişə həll olunsa, Türkiyə və Azərbaycanla yaxşı münasibətlər quracaq: "Bu isə onun inkişafında yeni imkanlar açacaq və Rusiyanın təsirini azaldacaq. Əks təqdirdə, yaxşı gələcəkdən danışmaq olmaz". Erbst qeyd edib ki, ERmənistanda iyul ayında baş verən hadisələr də gələcəyə dair müxtəlif proqnozlar yaradır: "Mümkündür ki, Qarabağda yeni müharibə başlasın. Bu isə nə Rusiyanın, nə də ABŞ-ın maraqlarına uyğundur". Belə vəziyyətdə isə Moskva Ermənistanı konkret Qarabağ güzəştlərinə vadar etmək istəyir. Elə Ermənistanda son hakimiyyət dəyişikliyi də bununla izah edilir. Müxalif "Respublika" partiyasının sədri Aram Sarkisyan "Azadlıq" radiosunun erməni xidmətinə açıqlamasında bu xüsusda bildirir ki, Ermənistana yeni baş naziri Rusiya göndərib, özü də konkret səbəblərlə. Xatırladaq ki, ötən həftə Ermənistanda baş nazir Ovik Abramyan istefa verib. Rusiyanın "Qazprom" şirkətinin meneceri, İrəvanın keçmiş meri Karen Karapetyan baş nazir postuna təsdiq edilib. Aram Sarkisyan deyir ki, Karapetyan Moskvadan İrəvana heç də müvəqqəti baş nazir olmaq üçün gəlməyib:"Onun təyinatı barədə qərar birmənalı şəkildə Moskvada qəbul olunub. Bu aydındır. Regionda rəqabət gedir, aydındır ki, Rusiya Ermənistan hakimiyyətinin davranışlarından narazıdır: həm Qarabağ məsələsində, həm də daxili siyasi proseslərdə. Ruslar gizlətmirlər ki, günü-gündən burada öz təsirlərini itirirlər. Bu baxımdan onlar öz imkanlarını, təsirlərini artırmaq istəyirlər və Karapetyanı da buna görə göndəriblər". Aram Sarkisyana görə, Rusiya keçmiş baş nazir Ovik Abramyanla işləməyin mümkün olmadığını gördü, çünki onun proseslərə təsir imkanları yox idi və etimadı itirmişdi. Nəticədə ruslar daha etibarlı fiqurun baş nazir olmasını istədilər. Bu isə Qarabağ münaqişəsinə də təsirsiz ötüşmür.
Nahid SALAYEV