Vahid hərbi qüvvə yaratmaq üçün Avropa İttifaqının hərbi qərargaha ehtiyacı var. Baki-xeber.com xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Strasburqda Avropa parlamenti üzvlərinə müraciətində deyib.
Onun sözlərinə görə, belə bir "daimi strukturun" olmamasına görə vəsaitlər müxtəlif missiyalara israf edilib.
Aİ Komissiyası prezidentinin illik müraciətinin bir hissəsi "Brexit" qərarı ilə bağlı olub. Yunker deyib ki, Britanıyanın seçimi Aİ üçün təhlükə təşkil etmir və bu barədə danışıqlara mümkün qədər tez başlamaq lazımdır. O, xəbərdarlığında deyib ki, Britaniya işçi qüvvəsinin sərbəst hərəkəti prinsipini qəbul etmədən vahid bazara girişə ümid etməməlidir.
Qeyd edək ki, Avropanın birləşmiş hərbi blokunun yaradılması təşəbbüsünün əsas əleyhdarı son zamanadək Böyük Britaniya olub. Britaniya NATO-ilə potensial maraqlar toqquşmasına görə vahid Aİ qüvvələrinin yaradılması əleyhinə idi.
Ancaq ekspertlər bildirir ki, “Brexit”in nəticələri Avropa ordusunun yaradılması sahəsində daha sıx əməkdaşlıq etməyə şərait yaradıb.
Yunkerin sözlərinə görə vahid hərbi qüvvə NATO qüvvələrini tamamlamalıdır: "Avropada müdafiənin artması transatlantika əməkdaşlığının azalması demək deyil".
Komissiya prezidenti deyib ki, Avropanın Müdafiə Fondu hərbi inkişaf və araşdırmanı stimullaşdıracaq.
Ancaq buna baxmayaraq Yunkerin təşəbbüsünü tənqid edən millət vəkilləri də az deyil. Onların arasında "Brexit" kampaniyasının liderlərindən biri, UKİP partiyasından millət vəkili Nigel Farage da olub. Onun sözlərinə görə yeni təşəbbüs Avropa yerinə daha çox hərbiləşmiş Avropanı təklif edir.
Bu arada “İzvestiya”ya Avropa Komissiyasındakı mənbəyə istinadən Brüsseldə Aİ-nin xarici və daxili təhlükəsizliyinin təmin olunması kimi vəzifələri icra edəcək Avropa ordusunun yaradılması məsələsi ətrafında diskussiyalar aparıldığına dair məlumat yayıb. Bildirilir ki, bu təşəbbüs təsdiqlənəcəyi təqdirdə Avropanın birləşmiş hərbi bloku 2018-ci ilədək yaradıla bilər.
Ekspertlər vahid Avropa ordusunun yaradılması təşəbbüsünü Avropa Birliyinin gələcək illərdə NATO-dan ayrılacağının ilk işarəsi kimi də dəyərləndirir.