Azərbaycan və Vatikan arasında münasibətlər çox müsbətdir. Trend-in məlimatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycandakı Roma katolik kilsəsinin ordinarisi, monsenyor Vladimir Fekete deyib.
Onun sözlərinə görə, Azərbaycanın Vatikanda yenidənqurma üzrə fəaliyyəti bu əlaqələrin inkişafına xidmət edib: "Səfərin tolerantlıq ilində baş tutması ondan xəbər verir ki, Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və hörmət edir".
F.Fekete ümid etdiyini bildirib ki, Papanın səfəri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verəcək.
Vladimir Fekete deyib ki, Roma Papası Fransisk Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin tərəfdarıdır. Onun sözlərinə görə, katolik kilsəsi Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə məşğul olmur.
V.Fekete Papanın Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilib-edilməyəcəyi barədə suala cavab verməkdə çətinlik çəkib.
Papanın Azərbaycana səfəri oktyabrın 2-nə planlaşdırılıb.
Bu arada Müqəddəs Roma Papası Fransisk azərbaycanlı heykəltəraş Zaynalabdin İsgəndərova təşəkkür məktubu göndərib. Roma Papası məktubda hədiyyədən məmnun olduğunu bildirib: “Hörmətli Zeynalabdin, sizin tərəfinizdən yaradılmış əsəri böyük məmnuniyyətlə qəbul etdim və hədiyyənizlə məni sevindirdiniz. Göstərdiyiniz dəyərə görə, sizə və ailənizə Uca Tanrıdan əmin-amanlıq arzu edirəm. Sizə minnətdarlığımı və salamlarımı çatdırıram”.
Qeyd edək ki, Azərbaycanlı heykəltəraş bu il Vatikanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müqəddəs Roma Papası Fransiskonun portretini hazırlayıb.
Hazırladığı portretə görə də o, İtaliyaya dəvət olunub.