Ermənistan nümayəndəsinin Kollektiv Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərliyinə gətirilməsindən sonra Rusiya Azərbaycanla hərbi sferada əməkdaşlığı gücləndirəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri “Trend”ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov deyib.
Daha öncə isə KTMT-nin fəaliyyətdə olan sədri Nikolay Bordyuja bəyan edib ki, qurumun yeni baş katibinin adı 14 oktyabr tarixində KTMT-nin İrəvanda keçiriləcək toplantısında bəlli olacaq və o şəxs Ermənistandan olacaq. Ardınca “İnterfaks” həmin şəxsin, böyük ehtimalla, Ermənistanın müdafiə naziri Seyran Ohanyan olacağını xəbər verib.
Xəbəri Agentliyə şərh edən rus politoloq deyib ki, təbii olaraq bu təyinat Bakıda müsbət qarşılanmayacaq və Azərbaycan Rusiya üçün çox önəmli partnyor olduğundan, Moskvanın hansısa yolla onun “könlünü alacağı” gözləniləndir. “Fikrimcə, Rusiya-Azərbaycan əlaqələri daha çox hərbi və hərbi-sənaye sahəsində gücləndiriləcək”- deyə Markov bildirib. Politoloq onu da deyib ki, KTMT rəhbərliyinə erməninin gətirilməsi Dağlıq Qarabağ münaqişəsinin təmzimlənməsində Rusiyanın səylərinin artmasına öz təsirini göstərəcək. O deyib ki, KTMT-nin yeni rəhbərinin, digər təşkilatlarda olduğu kimi, fəaliyyəti dövründə bir sıra ölkə və təşkilatları Qarabağ mövzusunda Ermənistanın tərəfinə çəkməyə çalışacağı bəllidir, lakin bu istiqamətdə nəyəsə nail olunacağı az inandırıcıdır, çünki KTMT-nin digər üzvləri - Qazaxıstan, Qırğızıstan kimi ölkələr Azərbaycanla dost əlaqələrə malikdir və onun ərazi bütövlüyünü tanıyır.