Postsovet məkanında yaradılan separatçı qurumların böyük təhlükə mənbəyi olması, istənilən genişmiqyaslı müharibələrə səbəb ola biləcəkləri artıq dünya miqyasında da açıq etiraf olunan faktdır. Bunun ən real nümunəsi qismində Qarabağ münaqişəsini göstərmək olar. Bəzi ekspertlər iddia edir ki, Qarabağ münaqişəsi alovlanacağı və bura böyük güclər cəlb olunacağı təqdirdə proseslər yeni dünya savaşına gətirib çıxara bilər.
Eyni sözləri digər konfliktlərlə də bağlı demək olar. Bu arada isə postsovet məkanında daha bir konfliktin alovlanmaq üzrə olduğu müşahidə olunur. Söhbət Dnestryanı konfliktindən gedir. Rusiyanın buradakı fəaliyyəti Moldova tərəfini getdikcə daha çox narazı salır.
Qeyd edək ki, bu günlərdə Rusiya yenidən Dnestryanıda hərbi təlim keçirib. Məsələ ilə bağlı Moldova Rusiyaya nota verib. "Assoşieyted Press" agentliyi Rusiyanın Moldovadakı diplomatlarının Xarici İşlər Nazirliyinə çağırıldığını və onlara Dnestryanıda Rusiyanın keçirdiyi hərbi təlimlə bağlı Kişinyovun etirazının çatdırıldığını bildirib. Xarici İşlər Nazirliyi, həmçinin, təlimi pisləyən bəyanat da yayıb. Rəsmi Kişniyov Moskvanın bu addımının provokativ xarakter daşıdığını və Moldovanın ərazi bütövlüyünə hörmətsizlik olduğunu bildirib. Moldovanın müdafiə naziri Anatoli Şalaru isə qeyd edir ki, Dnestryanı problemini rus hərbçilərini qondarma respublikanın ərazisindən çıxarmaqla həll etmək olar. Onun sözlərinə görə, Dnestryanıda sülhməramlı əməliyyat artıq çoxdan effektivliyini itirib: "Biz beynəlxalq mandatın nəzarəti altında vətəndaş müşahidə missiyasına keçməliyik. 1992-ci ildən bu yana Dnestryanı konflikti ətrafında heç nə dəyişməyib. Üstəlik, Moldovanın şərqində Rusiyanın işğalçı ordusu və sülhməramlıları var. Bu qanunsuzdur".
Məhz belə bir vaxtda "Dnestryanı Moldova Respublikası"nın "prezident" Yevgeni Sevçuk Rusiyaya birləşməyə hazırlıq haqqında fərman verib. Fərmanda 17 sentyabr 2006-cı ildə keçirilən referendumun nəticələrinin reallaşdırmasına göstəriş verilib. Qeyd edilir ki, normativ akt Rusiya Federasiyasına birləşmə üzrə Dnestryanı xalqına iradəsinin icrası üçün lazımdır. "Prezident" prioritet məsələlər arasında "respublika"nın hüquq sisteminin Rusiyanın qanunvericiliyinə uyğunlaşdırılmasını göstərib. Bildirilir ki, Rusiya qanunlarına zidd olan normativ aktlar müəyyən müddətdən sonra tətbiq olunmayacaq. Öz növbəsində, Moldova hökuməti yanında reinteqrasiya üzrə Büro Şevçukun fərmanını etibarsız adlandırıb. Bildirilib ki, təşəbbüs münaqişənin nizama salınması üzrə səylərə zərbə vurur.
Onu da qeyd edək ki, Rusiyanın sorğuların keçirilməsi üzrə qurumu olan Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin Dnestryanı vilayətində keçirdiyi sorğunun nəticələrinə görə, bu vilayətin əhalisinin 86%-i Moldovadan müstəqilliyini birtərəfli qaydada elan etmiş və tanınmayan bu ərazinin Rusiyaya birləşməsini istəyir. Dnestryanı əhalisinin 86%-i tanınmayan respublikanın Rusiyaya birləşməsini onun "inkişafı üçün ən optimal yol" hesab edir. Bildirilir ki, Moldovanın bu vilayətinin əhalisinin 60%-ni ruslar və ukraynalılar təşkil edir. Sorğuya gəlincə, rəyi soruşulanların 9%-i Dnestryanının müstəqil olmasının, 2%-i Moldovanın tərkibinə qayıtmasının, 1%-dən az hissəsi isə Rumıniyaya birləşməyin zəruriliyini bildirib. Ukraynanın keçmiş Baş Qərargah rəisi Anatoli Lopata isə Moskvanın fəaliyyətini təhlükəli hal adlandırır. Qeyd edir ki, Rusiya bundan sonra SSRİ, ya da Rusiya çarlığının sərhədlərini bərpa etməyə cəhd edəcək. Onun sözlərinə görə, heç bir postsovet ölkəsi Rusiyadan siğortalanmayıb: "Unutmayın ki, Putin XX əsrin ən böyük faciəsi kimi SSRİ-nin parçalanmasını görür. Rusiya artıq keçmiş SSRİ-nin bir çox yerlərinə nəzarəti itirir. Moskvanın dünya hökmranlığını saxlayan yeganə səbəb nüvə silahıdır. Rusiya artıq ondan uzaqlaşan respublikalarda destabilizasiya proseslərinə başlayıb. Bu, təkcə Qafqazda - Çeçenistan və Gürcüstanda başlamayıb. Bu proses həm də Ermənistan və Azərbaycanda aralarındakı problemlər, Moldovada Dnestryanıdakı vəziyyət ucbatından başlayıb. Bunun davamını biz Donbas və Krımda gördük. Rusiya postsovet dövlətlərinə təsirini itirmək istəmir".
Qeyd edək ki, 1991-ci ildə Rusiyanın aktiv dəstəyi ilə Dnestryanı konflikti başlayıb. 1992-ci ildə burada rus hərbçiləri yerləşdirilib. Həmin ildən indiyə qədər Dnestryanı Moldovanın mərkəzi hakimiyyətinin nəzarətində deyil. 2006-cı ilin sentyabrında keçirilən referendumda seçicilərin əksəriyyəti Rusiyaya birləşmənin tərəfdarı olduğunu ifadə edib. Rusiya bölgədə sülhməramlılar adı altında hərbi qüvvə saxlayır.
Tahir TAĞIYEV