"Yəqin ki, bu məsələnin də həlli iki ölkənin ortaq məxrəcə gəlməsindən asılı olacaq"
ABŞ Suriya məsələsində razılıq əldə edilməsi məqsədilə Rusiyaya son təklifini verib. "The Washington Post" nəşrinin verdiyi xəbərə görə, Vaşinqton yaxın bir neçə gün ərzində rəsmi Moskvadan məlumat gözləyir. Təklifə Suriyanın bütün ərazisində sülhə nail olunması, humanitar koridorun yaradılması, Suriya aviasiyasının uçuşlarının dayandırılması, habelə terrorçuların mövqelərinə qarşı Rusiya-ABŞ hava kampaniyası daxildir.
İki ölkə arasında razılıq əldə edilmədiyi halda, Vaşinqtonun hansı addımları atacağı açıqlanmır.
Razılaşma baş tutmasa, Suriyanın gələcək taleyi necə olacaq?
Konfliktoloq Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Suriya ilə bağlı məsələdə müəyyən irəliləyişin olacağı gözlənir: "Çində keçirilən sammit zamanı Putin özü bunu bəyan etdi. O bildirdi ki, yaxın vaxtlarda razılaşmanın detalları açıqlanacaq. Hətta indidən bu istiqamətdə vəziyyətin dəyişdiyini sezmək mümkündür. ABŞ və Rusiya Türkiyənin Suriyadakı hərbi əməliyyatlarda iştirakını normal qarşılayır. Artıq iki böyük ölkə İŞİD-ə qarşı birgə həmlənin detalları istiqamətində də ortaq məxrəcə gəlib. Yaxın günlərdə biz İŞİD-in tam sıradan çıxarıldığının şahidi olacağıq. İki ölkə arasında razılığa meyllilik daha çox nəzərə çarpır, nəinki başqa amillər. ABŞ mətbuatının açıqladığı şərtlər hər iki ölkəni qane etdiyi üçün, bu məsələdə problemin olacağını düşünmürəm. İki ölkə arasındakı fikir ayrılığı terrorçulardan təmizlənən Suriyanın kim tərəfindən idarə olunması məsələsi ilə bağlı ola bilər. Rusiya Əsədin qalmasını, ABŞ hakimiyyətə demokratik qüvvələrin gəlməsini istəyir. Yəqin ki, bu məsələnin də həlli iki ölkənin ortaq məxrəcə gəlməsindən asılı olacaq. Artıq Türkiyə ordusu NATO-nun dəstəyilə terrorçuların əlində olan ən böyük şəhərləri də ələ keçirir. Bir daha xatırladıram ki, bütün bunlar razılığın olacağına işarədir".
Məhəmmədəli QƏRİBLİ