"NATO-nun Qara dənizdə fəallığı və ya genişlənməsi bəlli sərhədlər daxilində ola bilər"
NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında deyib ki, NATO-nun Qara dəniz regionunda iştirakını genişləndirməyi düşünürlər. Onun sözlərinə görə, alyans üzvü olmayan ölkələr - Gürcüstan və Ukrayna ilə dialoq aparmaq vacibdir:
"Qara dəniz regionu avroatlantik təhlükəsizliyi üçün vacib bir açardır. Biz Rusiyanın Qara dəniz regionunda iştirakının genişləndirilməsini, eləcə də Krım yarımadasının intensiv hərbiləşdirilməsini gördük. NATO Qara dəniz regionunda iştirakını artırmaq qərarına gəlib. Biz regionda və Qara dənizdə mövcudluğumuzu gücləndirəcəyik. Varşava sammitində Qara dəniz regionunda iştirakımızın genişləndirilməsi qərara alınıb və biz hərbi planlaşdırma üzrə mütəxəssislərlə bunun üzərində işləyirik. NATO müttəfiqləri üçün tərəfdaş ölkələrlə sıx əlaqə yaratmaq çox vacibdir. Biz Ukrayna və Gürcüstanla Qara dəniz regionunda NATO-nun iştirakı barədə dialoq aparmağı nəzərdə tutmuşuq".
NATO-nun bu fəallığı perspektiv üçün nə vəd edir?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, NATO-nun bu istiqamətdəki fəaliyyəti çoxdan nəzərə çarpır: "Hərbi alyans üçün Şərqə doğru genişlənmək prioritet olub. Bu, bir növ, Rusiyanın qarşısını almağa hesablanan niyyətdir. Təbii ki, Rusiya bunu anlayır və hər zaman buna mane olur. Hətta Rusiya Krımı açıq şəkildə ilhaq edərək Qara dənizdəki mövqelərini daha da möhkəmləndirdi. Bir müddət əvvəl Ukrayna NATO-nun Qara dəniz donanmasının yaradılması haqqında Rumınıyanın təşəbbüsünü tamamilə dəstəklədiyini bəyan etdi. Ukrayna prezidenti dedi ki, onlar NATO-nun rəhbərliyi altında Qara dəniz donanmasının yaradılması təşəbbüsünü dəstəkləyir. Hesab edirlər ki, bu, Qara dənizdə təhlükəsizliyin möhkəmləndirilməsi üçün lazımdır.
Buxarest isə bəyan edir ki, yeni hərbi dəniz qruplaşmasının tərkibində ABŞ, Almaniya, İtaliya və Türkiyənin hərbi-dəniz qüvvələrinin gəmilərini görmək istəyir. Ancaq bütün bu istək və fəallığa Rusiya sərt təpki göstərir. Hətta Rusiya donanması ilə NATO qüvvələri Qara dənizdə bir neçə dəfə üz-üzə də gəlib. Hesab edirəm ki, NATO-nun Qara dənizdə fəallığı və ya genişlənməsi bəlli sərhədlər daxilində ola bilər, yəni Rusiyanı qıcıqlandırmayacaq həddə. Yoxsa biz ciddi qarşıdurmanın şahidi ola bilərik".
Məhəmmədəli QƏRİBLİ