"Biz dünyəvi ölkə olaraq bütün dünyaya mükəmməl müsəlman dövlətinin nümunəsini göstərə bilmişik"
İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei dünya müsəlmanlarına müraciət edərək islamın əsas müqəddəs ziyarətgahları - Məkkə və Mədinəyə Səudiyyə Ərəbistanının nəzarət etməsi məsələsini gündəmə gətirməyə çağırıb.
Xamenei 2015-ci ildə Həcc ziyarəti zamanı yaranmış və minlərlə zəvvarın ölümünə səbəb olmuş hadisə üçün məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyub. Xatırladaq ki, həmin hadisə zamanı həlak olmuş zəvvarlar arasında xeyli İran vətəndaşı olub.
"Həcc ziyarətini turist gəzintisinə çevirmiş, İran xalqının inqilabi ruhuna və imanına qısqanclıqla yanaşan, dini siyasiləşdirən və böyük şeytanın - ABŞ-ın hər bir uğursuzluğunda əsməyə başlayanlar qorxaq iblisdən başqa bir şey deyil", - Xamenei bildirib. O, həmçinin, Səudiyyə Ərəbistanını "İsraillə iş birliyində və Fələstin xalqının əzabına biganəlikdə" günahlandırıb.
2016-cı ilin Həcc ziyarətində İrana kvota ayrılmamasına hiddətini gizlətməyən Xamenei əlavə edib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu islamın əsas müqəddəs ziyarət yerlərini bütün dünya müsəlmanlarının ixtiyarına verməkdir.
Maraqlıdır, Xameneinin bu çağırışına münasibət necədir? Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, İran tərəfinin çağırışı başadüşülən olsa da, səbr göstərmək daha məqsədəuyğundur: "Ötən il ziyarət zamanı Səudiyyə Ərəbistanının Həcc Nazirliyinin ehtiyatsız və məsuliyyətsiz davranışı nəticəsində çoxlu sayda insan həyatını itirdi. Nəticədə çoxlu sayda İrandan olan zəvvar həlak oldu. O baxımdan İranın buna etiraz etməsi başadüşüləndir. Ancaq qloballaşan dünyanın bir parçası olaraq düşünürəm ki, biz həm də müsəlman mədəniyyətinin bir parçasıyıq. Yəni biz dünyəvi ölkə olaraq bütün dünyaya mükəmməl müsəlman dövlətinin bütün üstün tərəfləri ilə nümunəsini göstərə bilmişik. O baxımdan istər tolerantlıq, istərsə də dini dözümlülük baxımından biz fərqlənmişik. Ümumən İran tərəfinin bu çağırışını, acısını başa düşürəm. Çünki məlum hadisə zamanı 400 nəfərdən çox İran zəvvarı həyatını itirib. Ancaq hesab edirəm ki, ortaq məxrəc tapılmalı və tərəflər səbr göstərməlidir".
Vidadi ORDAHALLI