Ermənistan hakimiyyətində qeydə alınan dəyişikliklərin Qarabağ münaqişəsinə, eləcə də Ermənistanın özünə hansı təsir göstərəcəyi xüsusi maraq doğurur. Qeyd edək ki, Ermənistanın hakim Respublika partiyası İrəvanın keçmiş meri Karen Karapetyanın baş nazir postuna namizədliyini təsdiqləyib.
Beləliklə, Karen Karapetyan baş nazir postunda Ovik Abramyanı əvəz edəcək. Ovik Abramyanın istefasından sonra hökumətin bütün üzvləri istefa vermiş sayılır və hazırda onlar vəzifələrini müvəqqəti icra edirlər. İddialara görə, xarici işlər naziri Edvard Nalbandyan, kənd təsərrüfatı naziri Serqo Karapetyan, səhiyyə naziri Armen Muradyan, müdafiə naziri Seyran Ohanyan, Gömrük Xidmətinin rəisi Ovik Hovsepyan da vəzifələrindən kənarlaşdırılacaq. Bu arada həm də Ermənistanın yeni baş prokurorunun adı açıqlanıb. "Aykakan jamanak" qəzeti yazır ki, ölkənin yeni baş prokuroru bundan öncə müavin işləyən Artur Davtyandır. Qəzet yazır: "Avqustun 4-də Gevork Kostanyanın istefasından sonra Davtyan müvəqqəti baş prokuror təyin olunmuşdu. Lakin həmin gün o, vəzifədən çıxarılıb və müavini Armen Arutyunyan onun postuna gətirilib".
Amma əsas diqqət Ovik Abramyanın istefasından sonra baş verənlərə yönəlib. Əslində, Tiqran Sarkisyandan sonra Ermənistanda, onun özü də daxil olmaqla, bu vəzifə qurbanlıq hesab edilir. Belə ki, prezident Serj Sarkisyan iqtisadiyyatda baş verən problemlərlə bağlı bütün məsuliyyəti baş nazirin üzərinə atır. Təbii ki, Ermənistan iqtisadiyyatında vəziyyət yaxşı deyil. Bu fonda baş nazir yenidən qurban verilib. Erməni ekspert Susanna Petrosyan "Vestnik Kavkaza" saytında çap olunan məqaləsində bu xüsusda yazır ki, Ermənistan hakimiyyəti həqiqətən yeni iqtisadi siyasət yürütmək niyyətindədirsə, hər şeydən öncə yanlış siyasət yürütdüyünü etiraf etməlidir. Onun sözlərinə görə, Abramyanın dövründə Ermənistanda işsizliyin və miqrasiyanın miqdarı azalmayıb, ölkənin ümumdaxili məhsulunun həcmi artmayıb: "Yeni hökumət həqiqətən öz siyasətini dəyişmək istəyirsə, gərək səhvlərini etiraf etsin. Bundan əlavə, yeni hökumət özündən əvvəlki kursu tənqid etməlidir, amma bu tənqid parlament seçkisi ərəfəsində siyasi sui-qəsd də ola bilər. Hökumət bu dəyişikliklərlə, daha çox, prezidentin milli etimad hökuməti yaradacağı ilə bağlı verdiyi sözə əməl etdiyini sərgiləməyə çalışır. İndiki zamanda bu versiya daha məntiqli görünür.
Analitiklərə isə hələ də aydın deyil ki, prezidentə, ümumiyyətlə, niyə milli etimad hökumətini yaratmaq lazımdır. Belə ki, hakim Respublika partiyası parlamentdə 80 mandata sahibdir və onlar istənilən siyasi xətti tətbiq edə bilər. Adətən belə hökumətlər bir-iki böyük məsələnin həlli üçün müvəqqəti yaradılır. Milli etimad hökuməti müharibə və ya müharibə təhdidi ərəfəsində yaradıla bilər. Ermənistanın bir problemi var, o da demokratik və ədalətli seçkinin keçirilməsidir. Yeni hökumət bunu özünün əsas məqsədi etsə, o zaman hər şey ciddi olacaq. Maraqlı məqam odur ki, İrəvan bunu etməyəcək. Normal seçkilər Respublikaçıların məqsədi ola bilməz".
Əslində, son ayların hadisələri göstərir ki, Ermənistanın siyasi elitasında artıq müəyyən anlaşılmazlıqlar baş verib. Bu proseslərə Qarabağdakı aprel döyüşləri və ermənilərin məğlubiyyəti, eləcə də ölkədəki iqtisadi böhran və iyulda İrəvandakı silahlı qiyam səbəb olub. Həm qızğın aprel döyüşlərindən sonra olan istefalar, həm də "Sasna Tsrer" qruplaşmasının silahlı qiyam cəhdi elitadaxili proseslərə, narazılıqların yaranmasına təkan verib. Nəticə etibarilə belə bir yeni vəziyyət yaranıb. Hakimiyyət isə diqqəti bu problemlərdən yayındırmaq üçün kadr oyunlarına start verib. Eyni zamanda, bununla diqqət Qarabağ münaqişəsindən yayındırılır. Çünki Ermənistana Qarabağ təzyiqləri artıb və düşmən müəyyən güzəştlərə getmək məcburiyyətində olduğunu yaxşı bilir.
Ermənistanın "yerkir" saytı diplomatik mənbələrə istinadən məlumat verib ki, bu ilin sonuna kimi Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi sıçrayış olacaq:"Sentyabrın 8-də Moskvada Minsk Qrupunun həmsədrləri ilə Rusiya xarici işlər naziri məsləhətləşmələr aparıb. Sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, ilin sonuna kimi isə prezidentlərin görüşü keçiriləcək. Münaqişənin nizama salınması ilə bağlı ortaya xüsusi "yol xəritəsi" qoyulur və ciddi irəliləyişlər gözlənir". Ermənistanın "lragir" saytı isə iqtidarın müharibədən imtina üçün güzəştlərə getdiyini etiraf edir: "Bu, Ermənistanın siyasi rəhbərliyinin münaqişənin həllinə razı olduğu deməkdir. Lakin sxem Ermənistan üçün təhlükəlidir. Çünki Azərbaycan münaqişənin həllinin irəliləməsi üçün bəzi məsələlərə razı ola bilər. Bu isə Ermənistanın daha çox güzəşt etməsi deməkdir. Həmçinin, gələcəkdə situasiya Azərbaycanın xeyrinə dəyişəcək". Bütün bunlardan diqqəti yayındırmaq üçün isə hakimyyət kadr oyunlarına start verib.
Nahid SALAYEV