“Azərbaycanda referendumun təşkili beynəlxalq normalara uyğundur”. APA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin sədr müavini Riçard Çarnetskinin rəhbərliyi ilə Avropa Mühafizəkarlar və Reformistlər İttifaqını təmsil edən nümayəndə heyətinin Bakıya səfərinin yekununda verdikləri bəyanatda deyilir.
R. Çarnetski Azərbaycan hökumətinin Venesiya Komissiyası ilə Konstitusiya islahatları mövzusunda sıx əməkdaşlıq edəcəyinə ümid bəslədiyini bildirib: “Bütün tərəflər və müxtəlif siyasi partiyaların liderləri, nəzərdə tutulmuş dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, demokratik iştirak və təmsilçiliyin artacağını, eləcə də dövlət administrasiyasının fəaliyyətinin daha səmərəli olacağını gözləyir. Ölkədə mühit sabit və dinc, referendumqabağı vəziyyət sakitdir. 26 sentyabr referendumunun nəticələrinin Azərbaycan xalqının iradəsinin həqiqi və demokratik ifadəsi olacağına inanırıq”.
Bəyanatda deyilir ki, Avropa Mühafizəkarlar və Reformistlər İttifaqı Azərbaycan liderləri və siyasi xadimlərinin avropalı tərəfdaşları ilə əməkdaşlıq qurmasını yüksək qiymətləndirir.
Avropa Parlamenti Azərbaycanda qarşıdakı referendumun nəticələrinə hörmətlə yanaşacaq. Trend-in məlumatına görə, bunu da Bakıda jurnalistlərə Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski deyib. O bildirib: "Xalqın iradəsi bizim üçün daha vacib faktordur".
R.Çarnetski qeyd edib ki, Bakıya onunla birlikdə Azərbaycanda ilk dəfə olan Avropa Parlamentinin İtaliya və Polşadan nümayəndələri də gəliblər: "Onlar üçün bu görüşlər və bu səfər Azərbaycan mədəniyyəti, tarixi və siyasətinin ilk dərsi idi".
Onun sözlərinə görə, Aİ və Azərbaycan təkcə iqtisadi deyil, həm də digər sahələrdə əməkdaşlığı inkişaf etdirməlidirlər: "Bizim üçün bu səfər çox əhəmiyyətlidir".