Türkiyənin Hindistana işgüzar səfərə getmiş Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Fətullah Gülənin Terrorçu Təşkilatı (FETÖ) Hindistana da "sızıb".
"Təəssüf ki, FETÖ birliklər və məktəblər vasitəsilə Hindistana da nüfuz edib," FETÖ-nün bütün dünyaya yayılmış "gizli transmilli cinayətkar şəbəkə" olduğunu vuğulayan Çavuşoğlu əlavə edib.
Nazir hindistanlı həmkarı Suşma Şvaracla apardığı danışıqlardan sonra deyib ki, bu məsələni artıq hindistanlı həmkarı ilə danışıqlarda qaldırıb.
"FETÖ-nün mövcud olduğu bütün ölkələrdən xahiş edirik ki, onları öz ərazilərindən çıxarsınlar," Çavuşoğlu bildirib.
Hindistan Xarici əlaqələr nazirliyinin sözçüsü Vikas Svarup nazirin bu sözlərini şərh edərkən Hindistan tərəfinin Türkiyənin narahatlığına həssas yanaşdığını söyləyib. O əlavə edib ki, ölkəsinin təhlükəsizlik idarələri Ankaranın qanunsuz fəaliyyətlə məşğul olan FETÖ ilə əlaqəli qurumların bağlanması barədə tələblərinə baxır.
Terrorun istənilən formasının Hindistan və Türkiyəyə təhlükə olduğunu vurğulayan Çavuşoğlu bildirib ki, buna görə də bu təhlükə ilə bağlı informasiya mübadiləsi və terrorizmə qarşı çoxtərəfli əməkdaşlıq vacibdir.
Ötən ay ölkəsindəki çevriliş cəhdindən də danışan Çavuşoğlu hindistanlı həmkarı xanım Şvaraca Türkiyənin demokratik yolla seçilmiş hökumətinə çevik dəstəyə görə təşəkkür edib.
Türkiyəli nazir Suriyadakı vəziyyətlə bağlı narahatlığını da ifadə edib. O, Suriyadakı münaqişənin dinamikasının Türkiyəyə birbaşa təsir etdiyini vurğulayıb.
Çavuşoğlu beynəlxalq ictimaiyyəti Suriyada zəruri siyasi keçidi təmin etməkdən ötrü birlikdə çalışmağa çağırıb. "Bu, təkcə münaqişəyə son qoymağa lazım deyil, həm də terrorizmlə effektiv mübarizə aparmaq üçün vacibdir," nazir vurğulayıb.