Gürcüstanın keçmiş birinci ledisi, Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs deputat olmaq istəyir. Sandra Rulofs Saakaşvilinin "Birləşmiş Milli Hərəkat" Partiyasının seçkiöncəsi mitinqində çıxış edib.
O, oktyabrın 8-də keçiriləcək parlament seçkilərinə qatılmaq istəyini dilə gətirib. Xanım Rulofs öz namizədliyini Abxaziyanın qonşuluğundakı Zuqdidi rayonundan irəli sürəcək.
Kortsxeli kəndində keçirilən mitinqdə çıxış edən Rulofs hakimiyyət dəyişikliyindən bəri ölkədə inkişafın dayandığını vurğulayıb. Onun sözlərinə görə, Rusiya artıq Gürcüstanın Kremlin əlinə keçməsini səbrsizliklə gözləyir.
Keçmiş birinci ledinin fikrincə, vətəndaşlar düşmən planlarına duruş gətirməkdən ötrü müxalif "Birləşmiş Milli Hərəkat" Partiyasına səs verməlidirlər. O, bu partiyanı quruculuğu bərpa etməyə qadir saydığını deyərək, söz verib ki, indi Ukraynada Odessa vilayətinin qubernatoru olan əri Saakaşvili Gürcüstana qayıdandan sonra səhvlərini təkrarlamayacaq. Ancaq xanım Rulofs hansı səhvləri nəzərdə tutduğunu açıqlamayıb.
Sandra Rulofs Niderland Krallığının təbəəsidir. Prezident Saakaşvili 2013-cü ildə - səlahiyyətlərinin sona çatmasına cəmi bir neçə gün qalmış, ona Gürcüstan vətəndaşlığı verib. Sonradan büdcəni talamaq və vəzifə səlahiyyətlərini aşmaq ittihamları ilə Saakaşviliyə dörd cinayət işi açılıb.