Rusiya və İranın Yaxın Şərqdəki əməkdaşlığı yeni bir müstəviyə keçir. Belə ki, Moskva ilk dəfə Suriyanı vurmaq üçün İrandakı hərbi hava bazasından istifadə edib.
Baki-xeber.com xəbər verir ki, Həmədandakı Hərbi Hava bazasından qalxan Rusiyanın Tu-22M3 və Su-34 bombardmançı təyyarələri bu gün Suriyada İŞİD mövqelərini bombalayıb.
Rusiya Müdafiə Nazirliyi Su-34 və Tu-22M3 bombardmançı təyyarələrinin İŞİD və Əl Nusra terrorçularının Hələb, Deyr-əz-Zor və İdlibdəki mövqelərini vurduğunu açıqlayıb. Terrorçuların silah anbarı, təlim düşərgələri və 3 idarəetmə mərkəzi məhv edilib.
Aviazərbələr endirildikdən sonra təyyarələr İrandakı bazaya qayıdıblar.
Bundan əvvəl Moskva, bombardmanlar üçün öz torpaqlarındakı Modzok hava bazasından istifadə edirdi.
Həmədandan qalxan təyyarələr, Suriya səmalarındakı uçuş müddətinin təxminən 60 faiz azaldacaq. Bu günə qədər Modzokdan qalxan TU-22M3 tipli strateji bombardmançı təyyarələri Palmiradakı hədəfləri vurmaq üçün 2150 kilometr qat edirdi, ancaq Həmədandan qalxan təyyarələr tooroçuların hədəflərini vurmaq üçün yalnız 900 kilometr məsafə qət edəcək.
Onu da qeyd edək ki, Rusiya Suriyada apardığı əməliyyatlar çərçivəsində bu günə qədər başqa bir ölkədəki bazadan istifadə etməmişdi.
Son əməliyyatların, təxminən bir ildir Əsəd rejiminə havadan və qurudan dəstək verən Rusiyanın hava əməliyyatlarında Yaxın Şərqdəki hər hansı bir ölkədəki bazadan istifadə etməməsi Tehran və Moskva arasındakı əməkdaşlığın səviyyəsinin yeni mərhələsinin başlanması kimi dəyərləndirilir.
O da maraqlıdır ki, Rusiya bu addımı müdafiə naziri Sergey Şoyqunun Moskva və Vaşinqtonun Suriyada terrorçulara qarşı ortaq hərbi əməliyyat keçirməyə çox yaxın olduqlarını açıqlamasından dərhal sonra atdı.
Şoyqu ABŞ-la danışıqların çox aktiv bir mərhələsində olduqlarını deyib: "Vaşinqtonla sıx təmasdayıq. Hələbdə sülhün təmin edilməsi və insanların evlərinə dönməsinə şərait yaradacaq bir düstura addım-addım yaxınlaşırıq".
Ancaq Şoyqu bu açıqlamasına ABŞ-dan gələn cavab Vaşinqtonun bu məsələyə çox da müsbət yanaşmadığını götərdi. ABŞ rəsmiləri Rusiya ilə müzakirələrin davam etdiyi, ancaq razılaşmanın o qədər də "yaxında" olmadığını deyir.
Amerikadan gələn bu açıqlamadan sonra Rusiya təyyarələrinin İrandan qalxması, Rusiyanın ABŞ-a əvəzinə uzun müddətdir müttəfiqi olan İranla işləməyi üstün tutduğunun göstəricisi kimi qiymətləndirilir.
İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şemhani bildirib ki, son əməliyyatlar Tehran və Moskva arasında Suriyadakı terrorçulara qarşı həyata keçirilən iş birliyinin nəticəsidir: "Biz bu mövzuda imkanlarımızı paylaşırıq".
"El Masdar” xəbər saytı isə, Həmədandakı bazada yerləşdirilən Rusiya təyyarələrinin görüntülərini yayıb. Şəkillərdə üç Tu-22M3 bombardmançı təyyarəsi və bir İl-76 yük təyyarəsi görünür.