Bir neçə gün öncə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə işgüzar səfərə getməsi və avqustun 14-də Şoyqunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri, eləcə də səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi bir daha sübut etdi ki, son dövrlər ölkələrimiz arasındakı münasibətlər, sosial-iqtisadi sahələrlə yanaşı, həmçinin, hərbi müdafiə sahəsində də yüksək xətlə inkiaşf etməkdədir.
Məhz bu baxımdan, Azərbaycan-Rusiya münasibətlərinin daha yeni funksiya üzərində formalaşmasında da mövcud aspektləri nəzərə almaq vacibdir. Belə ki, bir müddət öncə ölkəmizdə Azərbaycan-Rusiya-İran üçtərəfli formatlı görüşünün keçirilməsi fonunda atılan addımların ardıcıllığı da qeyd olunanları təsdiq etməkdədir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində onun ölkə başçısı İlham Əliyevlə görüşü isə digər əhəmiyyətli faktorları önə çəkməkdədir. Görüş çərçivəsində dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin, regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcəyi qeyd olunub.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı Prezident İlham Əliyevlə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.
Göründüyü kimi, Sarkisyanın dəfələrlə etirazına baxmayaraq, Rusiya Azərbaycanla hərbi əməkdaşlığı davam etdirmək niyyətində olduğunu gizlətmir. Hətta bir neçə gün əvvəl Putin erməni jurnalistinin sualını cavablandırarkən də dolayısı ilə Azərbaycana silah sata biləcəklərinə işarə etmişdi.
Rusiya ilə Azərbaycan arasındakı bu yeni əməkdaşlıq modeli bizim üçün nə vəd edir?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiya bu addımları ilə Ermənistana sübut etmək istəyir ki, hər bir detal onun istəyinə uyğun şəkildə həyata keçirilməlidir: «Cərəyan edən hadisələrdə pozitiv məqamlar çoxdur. Fikir versəniz görərsiniz ki, Rusiya hətta İran üçün satmaqdan imtina etdiyi bəzi müasir silahları Azərbaycana satmaq barədə qərar qəbul edib.
Sarkisyan Rusiya ilə aralarında olan hərbi əməkdaşlıqdan çox lovğalanırdı. Bunu əsas gətirərək hətta bir neçə dəfə Azərbaycanla hədə dilində belə danışıb. Görünən budur ki, Rusiya Ermənistanı hansısa güzəştə məcbur etmək istəyir. Bu prosesdə bütün detallar nəzərə alınır.
Birdən-birə bunu etmir. Bölgədə yeni bir ittifaqın qurulacağının konturları cızılır. İran, Türkiyə və Rusiya kimi nəhəng ölkələrin maraqlarının üst-üstə düşməsi bölgədə yeni bir güc mərkəzinin formalaşdırılacağına işarədir. Azərbaycanın Rusiya ilə hərbi sahədə ciddi əmkdaşlığı bizə bəslənən inamdan xəbər verir. Digər iki ölkə ilə isə münasibətlərimiz normaldır. Bu baxımdan da gedən proseslər Azərbaycanın yalnız xeyrinədir».
Məhəmmədəli QƏRİBLİ