İran ali məktəblərində bu ildən başlayaraq Azərbaycan və kürd dilləri tədris ediləcək. Bu barədə İranın Milli Təhsil Qiymətləndirmə Təşkilatının nümayəndəsi bildirib.
Azərbaycan dilində İranda əsasən Qərbi və Şərqi Azərbaycan, Zəncan, Qəzvin və Ərdəbil əyalətlərində danışırlar. Kürd dilində isə İranda əsasən Kürdüstan, Kirmanşah, Həmədan, Qərbi Azərbaycan, Luristan, İlam və Şimali Xorasan əyalətlərində danışırlar.
İran universitetlərində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədrisə başlanır.
Qeyd edək ki, İranın Təhsil və Qiymətləndirmə Təşkilatı universitetlərin gələn il qəbul imtahan proqramına Azərbaycan dili və ədəbiyyatı fənnini də əlavə edib.
Humanitar fənlər üzrə tələbə qız və oğlanlar 2016-2017-ci tədris ilində Azərbaycan dili fənni üzrə də təhsil ala biləcək. İranın Elm, Təhqiqat və Texnologiya Nazirliyinin icazəsi ilə Azərbaycan dili və ədəbiyyatı fənni universitetlərdə bakalavr pilləsi üzrə tədris olunacaq. Bu fənn, ilk dəfə olaraq, qəbul imtahanlarında ərəb, fars fənləri ilə yan-yana göstəriləcək.
İranın qəbul etdiyi bu qərarı necə qiymətləndirmək olar?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, verilən bu qərarı alqışlamaq olar: «Əslində, bu qərar çoxdan verilməli idi. Çünki azərbaycanlılar həmin ölkənin etnik azlığı deyil, çoxluğu sayılır. Görün, necə vəziyyət yaranıb ki, biz dilimizin məktəblərdə tədris olunmasına sevinirik. Halbuki, bu dil dövlət dili səviyyəsinə qaldırılmalıdır. Bunun özü insan haqlarının pozulması anlamına gəlirdi. Son vaxtlar isə bir qədər fərqli münasibət hiss olunur. İranın öz qanunlarında da ana dili ilə bağlı müddəalar öz əksini tapıb.
İran Konstitusiyasının 15 və 19-cu maddələrində ana dilində tədris məsələsi göstərilib, lakin bu iki maddə uzun illərdir icra olunmurdu. Prezident Həsən Ruhaninin hökuməti bu maddələrin icrasına başlayıb. Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, İran xalqının rəsmi yazı və danışıq dili fars dilidir. Sənədlər, yazışmalar, rəsmi sənədlər və dərsliklər bu dildə olmalıdır. Lakin yerli danışıq dillərinin mətbuatda istifadəsi və məktəblərdə və universitetlərdə, fars dili ilə yanaşı, həmin dillərin tədrisi azaddır. Prezident Ruhani hakimiyyətə gəldikdən sonra məktəb və universitetlərdə yerli dillərdə (Azərbaycanca, kürd, bəluc və türkmən) tədrisə icazə verildi. İstənilən halda, bu qərarı alqışlamalıyıq».
Məhəmmədəli QƏRİBLİ