Son zamanlar Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlarda artan dinamika Ermənistan rəhbərliyini doğrudan da təşvişə salıb. Bunu onların davranışlarından da aydın görmək olur. Ölkənin daxilində yaradılan süni gərginlik işlərinə yaramadığı üçün, indi də başqa metodlara əl atırlar.
Erməni KİV-ləri belə bir təbliğata start verib ki, Dağlıq Qarabağla bağlı danışıqlar gələn ilin parlament seçkilərinə kimi dondurulmalıdır. Onlar iddialarını belə əsaslandırır ki, seçkilərdən sonra formalaşacaq yeni hökumət danışıqlarda gəlinən nəticəni tanımaya bilər.
Ermənilərin yeni hoqqabazlığını necə qiymətləndirmək olar?
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, bu cür təbliğat Ermənistan hakimiyyətinin diqtəsilə aparılır: «Bilirsiniz ki, Dağlıq Qarabağla bağlı hələ belə aktivlik müşahidə olunmayıb. Xüsusilə də superdövlətlərin mövqeyində bir qədər konkretlik hiss olunur. Status-kvonun dəyişilməsinin zəruriliyi açıq mətnlə bəyan olunur. Mərhələli həll variantını qəbul etmək üçün Ermənistana təzyiqlər olunur. Bütün bunlardan yayınıb əvvəlki qeyri-konstruktivliyini sərgiləmək üçün Ermənistan belə məlumatları dövriyyəyə buraxır. Ermənistanın tarixində belə təxribatlar çox olub. Danışıqlarda bir işıq ucu görünən kimi, müxtəlif pozuculuq edirlər. İndi də bütün cəhdlərinin səmərəsiz olduğunu görüb, dünyanı yeni formalaşacaq hakimiyyətlə şantaj edirlər. Guya yeni hökumət nəticələri tanımıya bilər. Boş və absurd iddiadır. Çünki uzun illərdir Ermənistanda demokratik seçki keçirilmir. Bunu bütün maraqlı tərəflər bilir. Bu səbəbdən də Ermənistanın məlum hədəsi yalnız özü üçün inandırıcı ola bilər. Ermənistanın məqsədi danışıqlardan yayınmaqdır. Bu yeni bəhanə ilə bir il də baş girləmək istəyir.
Ermənistan hakimiyyəti dalana dirəndiyini anladığı üçün saman çöpünə də əl atır.
Bu məsələdə Rusiyanın mövqeyi önəmlidir. Rusiya Ermənistanı nəyə istəsə məcbur edə bilər. Buna hansı hökumət qarşı çıxa bilər? Yaxın vaxtlarda biz Rusiyanın mövqeyindəki konkretliyi görəcəyik. Ermənistanın danışıqlardan yayınıb-yayınmayacağı həmin amildən asılı olacaq».
Məhəmmədəli QƏRİBLİ