Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının (Aİ) 15 iyunda baş vermiş çevrilişə cəhddən sonra Türkiyəni yetərincə dəstəkləmədiyini bildirib.
BBC Azərbaycanca xəbər verir ki, cənab Çavuşoğlu Almaniyanın "Bild” qəzetinə verdiyi müsahibədə deyib ki, 15 iyun hadisəsindən sonra "türk xalqı travma keçirib”.
Türkiyə xarici işlər naziri ölkəsinin Aİ-ə üzvlüklə bağlı bütün şərtləri yerinə yetirmək üçün heç bir ölkənin sərf etmədiyi qədər səy göstərdiyini də qeyd edib.
O, buna baxmayaraq, Aİ-ə üzvlüklərinin əngəllənməsilə qarşı-qarşıya qaldıqlarını deyib.
"Özümə sual verirəm: Biz nə günah işlətmişik? Türkiyəyə qarşı bu düşmənçilik niyə mövcuddur?” cənab Çavuşoğlu sual edib.
Mövlud Çavuşoğlu Türkiyənin NATO-dan çıxmasının da müzakirə mövzusu olmadığını deyib.
Türkiyədə edam cəzasının yenidən tətbiqi mövzusunda suala isə xarici işlər naziri belə cavab verib: "Avropa, sanki biz edam cəzasını geri gətirmişik kimi hərəkət edir. Bu mövzuda tələblər var və bunu anlamaq lazımdır. Türkiyə, tarixində ən qanlı çevriliş cəhdini yaşayıb. İnsanlar tanklar tərəfindən əzilib, təyyarələrdən açılan atəşlə vurulub, parlament binası partladılıb.
"Bu tələbi görməməzlikdən gələ bilmərik və parlamentdə müzakirə etməliyik. Belə vacib bir mövzunu diqqətlə və sakitcə müzakirə etmək istəyirik.”