"Heç kəs Rusiyanın Ukrayna ilə diplomatik əlaqələrinin kəsilməsində maraqlı deyil". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə Yekaterinburqda görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.
"Fikirləşmirəm ki, biz kiminsə diplomatik münasibətləri kəsilməsində maraqlı olduğu vəziyyətdəyik. Mənə elə gəlir ki, indi emosiyalara qapılmaq, ekstremal fəaliyyət planlarına getmək olmaz. Əksinə, təmkinli olub vəziyyətin sabitləşməsini təmin etmək lazımdır", - deyə Rusiya XİN başçısı qeyd edib.
Lavrov bildirib ki, Ukraynanın Krımda diversiya cəhdi Normandiya formatında danışıqların bərpasına təsir edib.
"Almaniyalı həmkarımla görüşdə Normandiya formatında dialoqun bərpasının mümkünlüyünü və perspektivlərini müzakirə etdik. Ukrayna Krımda diversiya törətməyə cəhd edib, nəticədə rusiyalı hərbçilər həyatlarını itiriblər. Bütün bunlar Normandiya formatında dialoqa təsir etməyə bilməz", - deyə Rusiya XİN başçısı qeyd edib.
S. Lavrov Moskvanın Ukrayna tərəfinin Krımda diversiya hazırlığına dair təkzibolunmaz sübutlara malik olduğunu söyləyib: "Rusiya əlavə sübutları Qərb tərəfdaşlarına təqdim etməyə açıqdır. Biz məlum olanları həqiqətən də gizlətmirik. Saxlanılan şəxsləri və onların ifadələrini göstəririk. Əlbəttə ki, televiziyada hər şeyi göstərə bilmərik. Lakin təkzibolunmaz sübutlarımız var ki, bu, Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyatı tərəfindən əvvəlcədən planlaşdırılmış diversiya aktı olub və Krımda sabitliyi pozmaq məqsədi daşıyıb. Belə halların təkrarlanmamasında maraqlı olanlara bu faktları təqdim etməyə hazırıq. Bunun üçün Kiyevə təsir göstərmək lazımdır".