Çinlə bütün qonşularını qarşı-qarşıya gətirən Cənubi Çin dənizindəki gərginliyə strateji bir həmlə ilə ABŞ-da qoşuldu. Belə ki, Vaşinqton Sakit okean bölgəsinə ilk dəfə üç strateji bombardmançı təyyarə göndərib.
Baki-xeber.com xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms Twitterdən ABŞ-ın B-52, B-1 və B-2 strateji bombardmançı təyyarələrinin ilk dəfə eyni anda Quam adasında yerləşən Andersen hava bazasına göndərildiyini açıqlayıb. Amerikalı nazir sözügedən təyyarələrin şəkillərini də paylaşıb.
Ekspertlərin fikrincə, Vaşinqtonun nüvə silahı daşıma gücünə sahib bombardmançıları bölgədə yerləşdirməklə Çin və Şimali Koreyaya gözdağı vermək niyyətindədir.
Digər tərəfdən, ABŞ-ın bu addımının, Haaqa Məhkəməsində Cənubi Çin dənizindəki mübahisəli adalarla bağlı Çinin əleyhinə qərar çıxarılması və Çinin THAAD raketdən müdafiə sistemlərini bölgədə yerləşdirməsinin ardından atması da diqqət çəkir.
Çindən hələlik bununla bağlı heç bir açıqlama verilməyib, Şimali Koreya isə ABŞ-ın nüvə hücumu edə biləcəyi risqi olduğunu bildirib.
Vaşinqtonu növbəti dəfə təhdid edən Şimali Koreya ABŞ-ı amansız hücum edəcəyilə hədələyib.
ABŞ prezidenti Barak Obama rəhbərliyi son dövrlər hərbi sahədə Sakit okean bölgəsinə ciddi önəm verir və bölgədəki hərbi fəaliyyətini artırır.
Hərbi mütəxəssislər, nüvə silahlanması və hərbi qarşıdurma risqinin ciddi şəkildə artdığı bölgədə ABŞ-ın son gedişlərinin vəziyyəti daha da gərginləşdirə biləcəyini deyirlər.