Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sergey İvanovu Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. Baki-xeber.com Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin "sağ əli" kimi tanınan İvanovun öz istəyi ilə vəzifədən ayrıldığını açıqlayıb.
Kremlin məlumatında bildirilir ki, Prezident Administrasiyasının rəhbəri vəzifəsinə Anton Vayno təyin olunub. S.İvanov isə Rusiya Prezidentinin təbiəti mühafizə, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi təyin edilib.
Vəzifə dəyişikliyinin ardından İvanov və Vaynoyu qəbul edən Putin İvanovun öz yerinə Vaynoyu təklif etdiyini də deyib.
Putinin Sankt Peterburq illərindən ən yaxın dostu olan, SSRİ DTK-da birlikdə çalışdığı Sergey İvanov 16 ildir onun yanında yer alıb. Uzun illər müdafiə naziri və baş nazir köməkçisi olan İvanovun adı hətta Medvedyevin namizəd göstərildiyi prezident seçkisində "alternativ namizəd" kimi də çəkilirdi.
Prezident Administrasiyasının rəhbəri vəzifəsindən ayrılmaq üçün üç il əvvəl Putinə müraciət edən İvanovun bu qərarına oğlunun vaxtsız ölümünün də təsir etdiyi deyilir.
Rusiyalı mütəxəssislər Putinin komandasının ən güclü adamlarından birinin Kremldən ayrılmasının heç bir problemdən qaynaqlanmadığını, sadəcə Putinin üç il əvvəl ona edilmiş müraciəti anlayışla qarşıladığı fikrindərir.