Yunanıstandan sonra Türkiyənin İordaniyadakı Əmman səfirliyinin hərbi attaşesinin də qaçdığı ortaya çıxıb. "Hürriyet” qəzeti türk hərbi mənbələrinə istinadən xəbər verir ki, İordaniyanın paytaxtı Əmmandakı hərbi attaşe qaçıb.
Baki-xeber.com xəbər verir ki, dünən də Türkiyənin Afinadakı Silahlı Qüvvələr attaşesi qərargah polkovniki İlhan Yaşıtlı və dəniz attaşesi polkovnik Xalis Tunçun ailələri ilə birlikdə bir neçə gündür itkin olduqları ortaya çıxmışdı.
Bu arada, onlar barədə də yeni xəbərlər ortaya çıxıb. Xarici işlər naziri Mövlüd Çavuşoğlu 15 iyulda çevriliş cəhdindən sonra fərarilik edən hərbi attaşelərin İtaliyaya keçdiklərini bildirib.
''Çevriliş cəhdi axşamı attaşelər səfirlərə müraciət edib, bildiriblər ki, artıq hakimiyyət onların əlindədir. Küveytdəki hərbi attaşe Səudiyyə Ərəbistanı vasitəsilə qaçmaq istəyib. Ancaq onlar öz təyyarələrilə onu bizə göndərdilər, təşəkkür edirik. Əfqanıstanda da hərbi qüvvələrimiz var. Buradakı iki general-mayor Dubaya qaçdı. BƏƏ bunları tutdu və yenə xüsusi bir təyyarə ilə Türkiyəyə təslim etdi. Yenə də qaçanlar var. Diplomatlar arasında da qaçanlar oldu. Məsələn Banqladeşdəki iki məmur Nyu-Yorka qaçıb.
FETÖ ilə əlaqəsini aşkarlananlar barədə lazımi tədbirləri görürük. 88 nəfər barədə tədbir görülüb. Əlimizdə bir siyahı da var” – deyə XİN başçısı bildirib.
M.Çavuşoğlu daha sonra bildirib ki, Ankaraya çağırılan Yunanıstandakı iki attaşe, polkovnik Xalis Tunç və qərargah polkovniki İlhan Yaşıtlı 6 avqustda xüsusi avtomobilləri və ailələrilə bərəyə minərək İtaliyaya doğru hərəkət ediblər: "Yunanıstan hakimiyyət orqanları da bunu təsbit etdi. Tunçun böyük qardaşı Hollandiyada yaşayır. Həm İtaliya, həm Niderlandda işlərimizi davam etdiririk. Bu iki xaini Türkiyəyə gətirmək üçün çalışırıq”.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan Xarici İşlər Nazirliyinə müraciət edərək polkovnik İ. Yaşıtlı və polkovnik H. Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan Xarici İşlər Nazirliyi də həmin gün bu polkovniklərin akkreditasiyalarını ləğv edib.