Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirərək Krımda əlavə təhlükəsizlik tədbirlərini müzakirə edib. Belə ki, Moskva ilhaq etdiyi yarımadada Kiyevi təxribat törətməyə çalışdığını deyir.
Kremlin saytında yerləşdirilmiş məlumata görə, avqustun 11-də keçirilmiş iclasda yarımadanın Ukrayna ilə quru və dəniz sərhədlərində təhlükəsizliyin gücləndirilməsi müzakirə olunub.
Ukrayna baş qərargah rəisinin sözçüsü Vladislav Selezniov isə avqustun 11-də deyib ki, ölkənin özünümüdafiəyə və Krım ətrafındakı durumu monitorinq etməyə hərbi resursu var.
Krımda Rusiyanın təhlükəsizlik agenti və bir əsgəri öldürüləndən sonra Vladimir Putin Ukrayna hökumətini terror cəhdində ittiham edib. Ukrayna prezidenti isə deyilənləri «fantaziya» adlandırıb.
Putin həmçinin, Ukrayna böhranı üzrə dördtərəfli danışıqları mənasız saydığını söyləyib.
Bu arada, Krım və Donbassla sərhəddə yerləşən Ukrayna Silahlı Qüvvələrinin bütün bölmələri gücləndirilmiş hərbi hazırlıq səviyyəsinə gətirilib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Petro Poroşenko tərəfindən tapşırıq verilib. Qərar Ukrayna Prezidentinin güc strukturları və Xarici İşlər Nazirliyi ilə keçirilmiş iclasın yekununda qəbul edilib.
Qeyd edək ki, dünən Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Krımda Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsi tərəfindən hazırlanmış terror aktlarının qarşısının alındığını bəyan edib. Məlumatda deyilirdi ki, diversiyanın məqsədi turistik biznes olub.
Qeyd edək ki, Ukrayna SQ qərarqahının rəsmi nümayəndəsi Vladislav Seleznyov FTX-nin bu məlumatını təkzib edərək təxribat adlandırıb.