Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğlu Əhməd Özal atasının zəhərlənərək öldürülməsində FETÖ-dan şübhələndiyini deyir
Baki-xeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Əhməd Özal, atasının zəhərlənməsində FETÖ-nün izi ola biləcəyini iddia edir və bunun dərindən araşdırılmasını tələb edir. Özal, atasının məzarını açan ədliyyə tibb ekspertiza qrupuna rəhbərlik edən şəxsin gülənçi olduğuna görə vəzifədən azad edildiyini və həbs olunduğunu bildirib.
Məhkəmə tibb ekspertiza idarəsində texniki işçilərin təhdid edildiyini deyən Özal, 1993-ci ildə bir sıra səs-küylü cinayətlərin bir-birilə əlaqəli olduğunu iddia edib.
Əhməd Özal Fətullah Gülənin 1991-ci ildə "Sızıntı” jurnalında yazdığı bir yazıda atası haqqında çox ağır ifadələr işlətdiyini deyir: "Çox ağır sözlər deyir rəhmətliyə. Çünki atam, bu adamın təhlükəli olduğunu demişdi o zamanlar. Düşünürəm ki, 1993-ci ilin və 28 fevrala gedən hadisələrin çox ciddi araşdırılmasına ehtiyac yaranıb. Atamın zəhərlənməsində FETÖ ilə əlaqədar şübhələrim var və bu mövzunu mütləq dərindən araşdırmaq lazımdır. Xüsusilə 1993-ci ildə Uğur Mumcu ilə başlayan məsələni..., xatırlayarsınız Mumcunun maşını partladılan zaman, o bomba yalnız hərbinin əlində idi, başqa bir yerdə tapılmırdı. Bundan başqa, sonra bunu Ergenekon, Balyoz kimi iddialara bağlamağa çalışdılar. Baş tutmadı nədənsə. Demək ki başqa bir əl var idi orada...
93-ci ilin tam şəkildə araşdırılmalıdır. Bu proseslərdə iştirak etmiş adamlar da mütləq araşdırılmalıdır".