Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya məxsus qırıcı Su-24-ün vurulması ilə bağlı insidentdən sonra bu gün 268 gündən sonra ilk dəfə Sankt-Peterburqa Rusiya prezidenti Vladimir Putinlə bir araya gəlib.
Baki-xeber.com xəbər verir ki, Putinlə Ərdoğanın görüşündə Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov da iştirak edib.
Rusiya prezidenti Vladimir Putin bunun ötən ilin noyabrında Rusiyaya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ilk səfər olduğunu bildirib. O, iki ölkə arasında münasibətlərin ötən ilin noyabrında Rusiya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ən aşağı səviyyəyə düşdüyünü deyib: "Türkiyənin çətin günlərində Rusiyaya gerçəkləşdirdiyiniz səfər hər iki ölkənin əlaqələrin normallaşmasında maraqlı olduğunu göstərir və bu, hər iki xalqın marağında olacaq”.
Putin bildirib ki, Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir. O, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: "Biz hər cür dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq”.
V. Putin təkbətək və geniş formatda keçiriləcək görüşlərdə ticarət əlaqələri və terrorla mübarizə sahəsində müzakirələrin olacağını bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişi cəhdindən az sonra Rusiyaya səfər etdiyini xatırladıb. O bildirib ki, iki ölkə arasında münasibətlər müsbət mərhələyə keçib: "Atdığımız və atacağımız addımlar daha geniş mərhələyə keçəcək. Masa üzərində ikitərəfli əlaqələrə dair bir sıra mövzular var. Bölgədəki bəzi məsələrə dair bizim mövqeyimizlə bağlı gözləntilər mövcuddur. Bizim əməkdaşlığımız regionda bir çox problemlərin həllinə kömək edəcək”.
Türkiyə Prezidenti qeyd edib ki, Ankara hərbi çevrilişə cəhd zamanı Rusiyanın dəstəyini yüksək qiymətləndirir. Ərdoğan Rusiyanın bu məsələdəki mövqeyinə görə çox məmnun olduğunu bildirib. O qeyd edib ki, Türkiyə xalqı çevrilişə qarşı olduğunu avqustun 7-də keçirilən demokratiya mitinqində bir daha nümayiş etdirib.
Sonra sonuncu dəfə 2015-ci ilin noyabrında üz-üzə görüşən Putin və Ərdoğanın Konstantin Sarayında təkbətək görüşdə keçirilib. Məlumata görə, qapalı görüşdə tərəflər əlaqələrin 2015-ci ilin əvvəlindəki səviyyəyə gətirilməsi barədə razılığa gəliblər.
"Reuters” agentliyi xəbər verir ki, qapalı görüş müsbət atmosferdə keçirilib.
1 saat 45 dəqiqə davam edən qapalı görüşdən sonra nümayəndə heyətlərilə birgə görüşlər başlayıb.
Onu da qeyd edək ki, iki lider sonuncu dəfə 15 noyabr 2015-ci ildə Antaliyada görüşmüşdü.
Görüşlərdən sonra keçirilən brifinqdə Putin bildirib ki, iki ölkə arasındakı əsas nöqtəni enerji məsələsi tutur: "Bu görüş iki ölkə əlaqələrinin gələcəyi baxımından əhəmiyyət daşıyır. Türk-Rus əlaqələrinin hamısını əhatə edən bir görüş reallaşdırdıq. Prioritetimiz böhrandan əvvəlki dövrə qayıtmaqdır...”
Görüş barədə danışan Ərdoğan isə Ankaranın Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli zirvəsi formatının yaradılmasın da müsbət baxdığını deyib. O, görüşdə məsələnin müzakirə olunduğunu bildirib: "Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradıla bilər”.
Suriya mövzusuna gəlincə isə Putin deyib ki, bununla bağlı başqa bir yığıncaq keçirərək mövzunu təkrar müzakirə edəcəklər.
Putin bildirib ki, bugünkü görüş Rusiya-Türkiyə münasibətlərinin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır (APA). O bildirib ki, Ərdoğanla beynəlxalq və ikili münasibətlərə dair konstruktiv danışıqlar olub: "Münasibətlərimiz ötən il Rusiya təyyarəsinin vurulması ilə pisləşmişdi. Lakin münasibətlərimizin taleyinə dair qarşılıqlı hörmət məntiqi üstünlük qazandı. Türkiyənin çətin siyasi durumunda prezident Sankt-Peterburqa səfər etdi, bununla da, münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərdi. Münasibətlərin əvvəlki vəziyyətə çatdırılması üçün proses başlayıb. Lakin bunun üçün müəyyən vaxt tələb olunur. Biz əlaqələrin əsas mexanizmləri istiqamətində işləmək üzrə razılaşdıq. Energetika, metallurgiya, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edildi. Rusiyalı turistlərin Türkiyəyə səfərlərinin bərpası ilə bağlı bu ilin iyununda qərar vermişik, lakin bunun üçün vaxt lazımdı. Türkiyə hökumətinin də bizim vətəndaşlarımızın maksimum təhlükəsizliyini təmin etməsi vacibdir. Biz belə bir təminat almışıq. Hava əlaqəsi iyunun sonunda bərpa olunub. Çarter aviareyslərinin bərpası texniki məsələdir və zaman tələb edir. Terrorizmlə mübarizə də bizim münasibətlərin əsas hissəsini təşkil edir. Münasibətlərin tam formatda bərpası üçün bütün imkanlar var. Rusiya buna hazırdır”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə hər iki ölkənin münasibətləri yüksək səviyyəyə qaldırmaqda qərarlı olduğunu bildirib, bu sahədə iradəyə sahib olduqlarını ifadə edib: "Siyasi, iqtisadi, mədəni və qlobal sahələrdə iki ölkənin münasibətlərini lazımi səviyyəyə çatdırmaq barədə razılaşma əldə etdik. Vizasız rejimin tam təşəkkülü istiqamətdə addımlar atacağıq. Müzakirə olunan digər məsələ "Akkuyu" Atom Elektrik Stansiyası layihəsinə strateji investisiya statusu verilməsidir. Bu sahədə danışılar aparılır və müvafiq qərar veriləcək. Həmçinin "Türk axını” layihəsini müzakirə etdik. Türkiyə Rusiyadan ildə 28 milyard kub/metr qaz alır. Bunun 18 milyard kub/metrini dövlət, qalanını özəl sektor alır. Türkiyə "Türk axını” lahiyəsinin reallaşmasında maraqlıdır. Biz Rusiya qazını "Türk axını" vasitəsilə Avropaya nəql etmək niyyətindəyik”.
Baki-xeber.com xəbər verir ki, Ankara və Moskva 2016-2019-cu illəri əhatə edən 12 maddəlik razılaşma əldə edilib. Bu razılaşma çərçivəsində iqtisadiyyat, ticarət, enerji, turizm və digər sahələrlə bağlı qərarlar da verilib. Enerji mövzusu razılaşmanın əsasını təşkil edir.