Rusiya və Ukrayna arasında ziddiyyətlər Qərbin proseslərə fəal müdaxiləsi fonunda getdikcə daha da kəskinləşməyə başlayıb. Hadisələrin real gedişi, ekspertlərin fikrincə, Rusiya və Ukrayna arasında müharibənin yenidən alovlanmasına səbəb olacaq. Bu vəziyyətdə NATO-nun da məsələyə müdaxiləsi gözlənir və bu, Ukrayna torpaqlarında yeni dünya müharibəsinə yol açacaq savaşın da başlanmasını istisna etmir.
Hazırda Rusiya və Ukrayna arasında diplomatik səpkidə də qalmaqal güclənir. Belə ki, Ukrayna Mixail Babiçi Rusiyanın yeni səfiri kimi qəbul etmir. Ukrayna xarici işlər nazirinin Avrointeqrasiya üzrə müavini Yelena Zerkalın sözlərinə görə, Rusiyanın Ukraynadakı səfirinin təyinatı məsələsi gündəmdən çıxarılıb. XİN başçısının müavini bildirib ki, Ukraynanın çoxdan Moskvada səfiri yoxdur və Ukrayna normal fəaliyyət imkanları baxımından məhduddur, başqa sözlə, Rusiyanın Kiyevdə səfirinin olmaması Ukrayna və Rusiya arasındakı münasibətlərə heç bir təsir göstərməyəcək. Xatırladaq ki, bir həftə əvvəl Rusiya prezidenti Vladimir Putin Mixail Zurabovun Rusiyanın Kiyevdəki səfiri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul edib. Bundan sonra Rusiya tərəfi Kiyevdən Rusiya prezidentinin Volqa Federal Dairəsində səlahiyyətli nümayəndəsi olan və əvvəllər güc strukturlarında işləyən Mixail Babiçin səfir təyin edilməsinə razılıq verməsini xahiş etmişdi. Amma Kiyev Moskvanın bu isətyinə qarşı çıxır. Lakin problem təkcə diplomatik müstəvidə özünü göstərmir. Ukraynanın «Penta» siyasi tədqiqatlar mərkəzini direktoru Vladimir Fesenko iddia edir ki, Ukraynanın Müstəqillik Günü - avqustun 24-də Rusiyanın hibrid ordusu yenidən hücuma keçəcək: «Ötən ilin avqustunda da buna bənzər hadisələr olmuşdu. Lakin əks-hücumla cavab verildi. İndi genişmiqyaslı hücumun olacağı inandırıcı deyil. Çünki münaqişə zonasında müəyyən bərabərlik yaranıb. Genişmiqyaslı hücum üçün əhəmiyyətli üstünlüyə malik olmaq lazımdır. Ehtimal ki, ötən il olduğu kimi, bu il də lokal qarşıdurma ola bilər». Onun sözlərinə görə, bu hücumu Almaniya, Fransa və ABŞ-ı qorxutmaq üçün edə bilərlər: «Məqsəd onların Minsk prosesi ilə daha fəal məşğul olmalarıdır. Son iki ay ərzində buna cəhdlər olundu, lakin heç bir nəticə əldə edilmədi». Siyasi ekspert Yevgeni Maqda isə hesab edir ki, bu hücumlar bir neçə amillə bağlı ola bilər: «Birincisi, Donetskdə hibrid ordunun arsenalı tədricən bitir. İkincisi, payızın başlanğıcı hərbi texnikanın hərəkəti üçün ən əlverişli vaxtdır. Üçüncüsü Olimpiada oyunlarının başlanmasıdır. 2014-cü ildə biz bunu gördük. Rusiya ya Olimpiada ilə eyni vaxtda, ya da ondan sonra öz gücünü yoxlayır». Hərbi-Hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksandr Musenko Rusiyanın 2014-cü ildən etibarən sərhədə hərbi texnika və şəxsi heyət yığdığını bildirib. Onun sözlərinə görə, bu, Ukrayna üçün böyük təhlükə yaradır: «Bu, Rusiyanın genişmiqyaslı müharibə hazırlığını göstərir. Fikrimcə, təhlükə olduqca ciddidir. Buna görə də Ukrayna ölkənin müdafiə qabiliyyətini gücləndirməlidir». Hazırda Ukraynanın əsas ümidi həm də NATO-yadır. NATO burada baş verənlərə müdaxilə etsə, münaqişənin necə sonuclanacağını bəri başdan söyləmək çətin olacaq.
Moskva isə hələlik müharibə ilə bağlı səslənən fikirləri rədd etsə də, Kiyevi iqtisadi müstəvidə cəzalandırmağa daha çox meyl edir. Həmişəki kimi isə neft və qaz amilindən istifadə olunur. Ukrayna bunu önləmək üçün Azərbaycan və digər müəyyən ölkələrlə danışıqlar aparır. Məsələn, dövlət neftdaşıma operatoru olan «UkrTransNafta» ASC bildirir ki, Ukrayna bu ilin sonuna Azərbaycan və Qazaxıstandan 2 milyon tona qədər xam neftin Avropaya nəqli üçün saziş imzalamağı planlaşdırır. «UkrTransNafta» hökumətə məktubunda Azərbaycan və Qazaxıstan neftinin Odessa-Brodı kəməri ilə daşınması üçün bəzi ön məhdudiyyətlərin asanlaşdırılmasını istəyib. Qeyd edək ki, hazırda bu kəmərə daha çox Rusiyanın «Urals» nefti doldurulur. Bu arada o da məlum olub ki, Tehran Ukraynanın İran neftinin Ukrayna boru kəmərləri sistemi vasitəsilə Slovakiya və Çexiyaya tədarükü təklifini götür-qoy edəcək.
İranın neft naziri Bijən Namidar Zəngənə Tehranda Ukraynanın energetika və kömür sənayesi naziri İqor Nasalik ilə apardığı danışıqların yekunu olaraq bildirib ki, Tehran da birbaşa Ukraynaya neft tədarükü üzrə əməkdaşlığa başlamağa hazırdır.
Nahid SALAYEV