İran İslam Respublikasının vitse-prezidenti, Ətraf Mühiti Mühafizə Departamentinin sədri Məsumə Ebtekar bildirib ki, 2003-cü ildə Xəzər dənizinin ekoloji mühafizəsinə dair 4 protokol imzalanıb. Ancaq həmin protokollardan yalnız biri həyata keçirilir.
O da məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Bakıda üçtərəfli görüşünün bəyannamə layihəsində bir sıra məqamlar öz əksini tapıb. Həmçinin, sözügedən layihədə Xəzərin hüquqi statusu haqda konvensiyanın qəbul olunmasının, eləcə də sülh, dostluq, təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyi vurğulanıb.
Xanım vitse-prezident ümid etdiyini bildirib ki, Azərbaycanla bundan sonrakı fəal əməkdaşlıq digər üç protokolun da həyata keçirilməsinə böyük imkanlar açacaq.
Ümumilikdə digər 3 protokolun da həyata keçirilməsi Xəzər dənizinin flora və faunasının qorunmasında nə kimi rol oynayacaq?
Məsələyə münasibət bildirən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru Telman Zeynalovun sözlərinə görə, Xəzərin hüquqi statusu barədə razılıq əldə olunsa, digər məsələlər də öz həllini tapacaq: «Məsələ ondadır ki, bir neçə il əvvəl Xəzərin ekologiyası ilə bağlı 4 protokol imzalansa da, onun məzmunu hələ də açıqlanmır. O baxımdan yaxşı olardı ki, həmin protokolların məzmunu açıqlansın. Digər tərəfdən, ən yaxşısı o olardı ki, Xəzərin statusu barədə tərəflər razılığa gəlsin. Belə olsa, o zaman imzalanan protokolların də məzmunu bəlli olacaq. Eyni zamanda, Xəzər dənizinin flora və faunasının qorunmasında tərəflər ciddi dönüş əldə edəcək. Belə məlumatlar var ki, tərəflər növbəti görüşdə Xəzər dənizi ilə Qırmızı dəniz arasında kanalın açılmasını müzakirə edəcək. Fikrimcə, Azərbaycan buna razılıq verməz. Ona görə razılıq verməz ki, o zaman Xəzərdə biomüxtəliflik tamamilə məhv olub gedə bilər. Çünki dünya okeanının suyu gəlib Xəzər dənizinə çıxarsa, nərə balıqları məhv ola bilər».
Vidadi ORDAHALLI