Qardaş Türkiyə Cumhuriyyətində 15 iyul tarixində baş verənlər və ondan sonrakı hadisələrin gedişi, təbii ki, Azərbaycanın ən yüksək səviyyədə və sadə vətəndaşlarını narahat etməkdədir. Çünki vətənimiz Azərbaycanın güclü və sarsılmaz Türkiyəyə inam və etibarı bütün dövlət protokollarını və rəsmiyyəti üstələməkdədir.
Bu fonda Türkiyədə baş verənlərə işıq tutmağa çalışaq. Əslində Türkiyədə nə baş verir.
Güclü siyasi lider, təkrarsız sayıla bilinəcək qədər natiqlik xüsusiyyətinə malik olan Türkiyə Cumhuriyyətinin Prezidenti R.T.Ərdoğanın 15 iyul və sonrası sərgilədiyi xarizma, yəqin ki, tarix kitablarına qızılı hərflərlə yazılacaq. Bu gün bəzi mənbələrdə 15 iyul sözdə çevriliş cəhdini guya türk rəhbərliyinin şousu adlandıranlar əslində böyük bir yanlışlığa rəvac vermiş olurlar. Düzdür, hadisələrin xronologiyasına baxarkən burada hansısa siyasi oyunun getdiyini sezmək olur. Amma bu siyasi oyunun əslində hansı məqsədə xidmət etdiyini anlamaq bəziləri üçün həqiqətən də böyük çətinlik yaradır. Gəlin, prosesləri bir az önləyərək hadisələrin gedişinə işıq tutaq.
1. Ölkədə kifayət qədər Gülən tərəfdarı var hətta hakimiyyətdə təmsil olunanların əksər qismi vaxtilə gülənçilik ideyalarının əsas yayıcısı olub.
2. Gülən dünya miqyasında elm fədaisi imici yaratmaqla paralel dövlət (dövlətlər) ideyasını böyük hiyləgərliklə həyata keçirməkdə olub.
3. Elm və təhsil sahəsinə göstərdiyi və məqsədlərinin indi-indi gün üzünə çıxmasına baxmayaraq, xalqın aşağı təbəqələrində özünə ciddi dəstək yaradan Gülən ideologiyası yaxın zamanlara qədər əsas məqsədini gizlədə bilib.
4. Dövlətin bütün qurumlarına sızmağı bacaran Gülən tərəfdarları təsbit edilməyəcək qədər gizlənməyi bacarmaqla dövlətin hüquqi varlığına təhlükə yaratmağa başlamışdı.
5. Dekabr hadisələri bu faktorun nə qədər ciddi olduğunu bütün çılpaqlığı ilə ortaya qoymuş oldu.
6. Türk hakimiyyətinin bu faktor üzündən, nə qədər acı səslənmiş olsa belə, aciz dnuruma düşmüş olduğu göz qabağında idi.
7. Hadisələrin bu fonda inkişafı, Gülənin həyasız sayılacaq qədər manevrləri Türkiyə rəhbərliyini artıq appendiksdən əziyyət çəkən xəstəyə müdaxilə etməyə vadar olan cərrah funksiyasını üstlənmə məcburiyyətində qoymuşdu.
8. Gülən ideologiyası tərəfdarlarının yaratdığı ardıcıl problemlər (məs. Rusiya və Türkiyə arasındakı SU-24 qırıcı böhranı) dövlətin varlığına və siyası elitanın mövcudluğuna böyük bir sual işarəsi yaradırdı.
9. Hadisələrin gedişi artıq qarşısıalınmaz bir prosesə çevrilməklə ölkənin siyasi varlığına təhlükə yaratmaqda və ölkəni az qala vətəndaş müharibəsinə sürükləməkdə idi.
10. Və nəhayət, Gülən tərəfdarlarının dövlətin varlığına qazdıqları quyu artıq hazır idi.
Belə bir məqamda Prezident Ərdoğanın hələ kövrək sayıla biləcək postu ciddi təhlükə altında idi və bu kövrəkliyin yaradacağı fəsadların konturları görünürdü. Burada kiçik bir qeyd etmək lazımdır ki, bu məqamda Ərdoğanın sərgilədiyi mövqe hər dövlət başçısına xas olmayan bir yöntəm idi: özünü zərbə altında qoyaraq dövlətin bütövlüyünə nail olmaq cəhdi alqışa və hər bir tərifə layiq mövqe idi. Beləliklə, ölkə çapında yaranan böyük bir çatın qarşısını alındı və qazdıqları quyuya özləri düşən FETÖ (Gülən) yandaşları siyasi hakimiyyəti möhkəmləndirmək şansını bilavasitə özləri Türkiyənin siyasi elitasına verdilər.
Hadisələrin xronogiyası söyləməyə əsas verir ki, sözdə çevrilişin olacağı siyasi elitaya məlum olub. Bunu, ən azından, MİnT (Milli İstihbarat Təşkilatı)-nın bu hadisələr zamanı tutduğu mövqeden görmək olar və demək olar ki, bu çevriliş olayları zamanı onun fəaliyyəti üzərindən sükutla keçdilər. Hakim elita özü də anlamış durumda idi ki, Gülənin sadə xalq arasında yaratdığı elm və xeyirxahlıq fədaisi imicinin altında gizlənən əsl niyyətlərini 80 milyon nüfuza malik Türk xalqına göstərməyin və Türkiyə Cumhuriyyətini Gülən məkr və fitnəsindən birdəfəlik xilas etməyin zamanı çatıb. Və nəticə göz qabağındadır. Türkiyə heç bir zaman olmadığı qədər vahidlik, birlik, vətənsevərlik nümunəsi yaratdı. Qazdıqları quyuya düşən FETÖ mənsubları isə öz iplərini çəkmiş oldular. Dövlətin içinə sızan gülənçilər deşifrə olunmaqdadır.
Gülənin öz xalqına silah qaldırmağa qadir qansız biri olduğuna 15 iyul çevriliş cəhdindən yaxşı nümunə ola bilməzdi. Ölkəni vahid Türkiyə ətrafında birləşdirmək arzusunu həyata keçirməklə dövləti xəyanət yuvasından təmizləyən Ərdoğan isə artıq qələbəsini qeyd edir. Və buna Türk xalqı ilə birlikdə haqq edir. Birliyin mübarək, Türkiyəm.
Nahid SALAYEV