Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik fəallıq davam edir və bunun konkret nəticələrə gətirib çıxaracağına dair səslənən fikirlərin sayı artır. Rusiyanın «Nezavisimaya qazeta» nəşri bu fonda diqqəti ona yönəldir ki, Bakıda Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani görüşünün əsas mövzusu sırasında Xəzərin statusu və Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının yer alması təsadüfi deyil.
Nəşr qeyd edir ki, Bakıda üç ölkənin bu formatda görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilir: «Əsas məqsəd humanitar, regional terrorizmlə mübarizə və enerji təhlükəsizliyində ikitərəfli və üçtərəfli əməkdaşlıqdır. Analitiklərin fikrincə, bu görüş hər üç tərəfin maraqlarına uyğundur».
Rusiyalı politoloq Sergey Markov nəşrə açıqlamasında deyib ki, görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirəsi də əsas yer alan məsələlərdəndir: «Bütün diqqət Rusiyanın vasitəçilik səylərinin fəallaşmasına yönəlib. Putin əvvəlcə Prezident İlham Əliyevlə görüşəcək, sonra Ərdoğanla. Ardınca Sarkisyanla Moskvada görüşəcək. Putin, görünür, regionda möhkəm təhlükəsizliyin yaradılmasına çalışır. Bura İran prezidenti ilə görüşü də əlavə etsək, aydın olur ki, Putin Qarabağ münaqişəsini sürətli həllinə çalışır». Ermənistanın «Ani» tədqiqat mərkəzi isə Moskvanın fçallığı fonunda bildirir ki, işğal olunmuş ərazilərin azad olunmasına start verilir və bu, mərhələli şəkildə baş tutacaq: «Dağlıq Qarabağı əhatə edən və ermənilərin nəzarətində olan bütün ərazilər Azərbaycanın nəzarətinə verilir. Torpaqların təhvil verilməsi sülh sazişində razılaşdırılacaq». Qurumun hazırladığı müvafiq məruzə işğal altında olan torpaqların Azərbaycana qaytarılmasının təfərrüatlarını əks etdirir. Bununla yanaşı, erməni ekspertlər təfərrüatları da nəzərə çatdırıblar. Belə məlum olub ki, ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları qaytarılır. Sonradan Kəlbəcər və Laçın rayonunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçəcək. Burada sözügedən torpaqlar Ermənistanı Dağlıq Qarabağa birləşdirən dəhlizin üzərində olmayan torpaqlardır. Ermənistanın «Joxovurd» qəzeti də yazır ki, Putin Sarkisyanı Moskvada Qarabağ məsələsində güzəştə getməyə məcbur edəcək. Qəzet bundan öncə də yazmışdı ki, İrəvanda baş verən qiyam Qarabağ münaqişəsi ətrafında danışıqları təxirə salmışdı: «Lakin indi Sarkisyan Moskvaya gedir və Kreml ondan vədlər gözləyir. Avqustun 8-də Bakıda Putinlə İlham Əliyevin görüşündən sonra Moskvaya dəvət olunan Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi çərçivəsində güzəştlər haqqında konkret vədlər verməyə məcbur ediləcək». Bununla bağlı müzakirələrin Sarkisyanın avqustun 10-da nəzərdə tutulan Moskva səfərində aparılacağı gözlənir.
Baş verənləri şərh edən rusiyalı siyasi analitik Oleq Kuznetsov Qarabağ münaqişəsi məsələsində Ermənistan rəhbərliyinin güzəştə getmək perspektivinin Ermənistanda narahatlıq doğuran amillərdən biri olduğunu, amma ən başlıcası olmadığını vurğulayıb. Onun sözlərinə görə, Serj Sarkisyan müstəqil fiqur deyil, o, Ermənistanın bütün siyasəti kimi idarə olunur. «Ona görə də belə deyərdim: Ermənistanda istənilən kütləvi hərəkat xarici təbiətə və mənbəyə malikdir. Bu tarixən belə olub, ermənilər hər zaman kimdənsə ötrü vasitə olub». Hazırda bu ölkə daxilində baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mümkün təsiri barədə danışan analitik deyib ki, baş verənlər Serj Sarkisyana Azərbaycanın işğal olunmuş ərazilərinin sülh yolu ilə qaytarılması məsələsinin uzadılmasında əlavə manevr imkanlarını qapadır .
Daha öncə «Lragir» saytı diqqəti ona yönəltmişdi ki, Rusiyanın Ermənistana Qarabağ təzyiqləri artır və burada Türkiyənin də rolu var. Qeyd olunurdu ki, Ermənistanın həm daxili, həm də xaricində sürətli proseslər inkişaf edir və bu, həyəcan yaradır: «Türkiyədə yeni hökumət qurulandan sonra qonşularla münasibətləri düzəltmək istiqamətində fəaliyyətə başlandı. İsrail və Rusiya ilə əlaqələr bərpa olundu. Ankara Rusiya ilə münasibətlərin düzəlməsində dəstəyə görə Azərbaycana təşəkkür etdi. Hesab etmək olar ki, Türkiyə Qarabağ məsələsinə də yalnız Rusiya və Azərbaycanla ümumi maraqlar kontekstində yanaşır. Rusiya da Ermənistanı ərazilərin qaytarmağa dəvət edir. Qarabağın qaytarılması Rusiya-Türkiyə sövdələşməsinin bir hissəsidir. Burada yeniliklər var və artıq söhbət bir neçə rayonun qaytarılmasından yox, bütövlükdə təhvil verilməsindən gedir».
Nahid SALAYEV