İran Prezidenti Həsən Ruhani həmkarı İlham Əliyevlə keçirdiyi görüşdən sonra bildirib ki, onlar arasında Dağlıq Qarabağ məsələsilə də bağlı danışıqlar aparılıb: «Bu məsələdə son vaxtlarda olan vəziyyət barədə məlumat aldıq. İran inanır ki, regionda sülh və sabitlik bərpa olunacaq.
Münaqişə sülh danışıqları ilə həllini tapmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və buna həmişə səy göstərmişik. Regionun müxtəlif məsələləri sülh və sabitlik yolu ilə öz həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi həmişə bu problemin həllinə səy göstərib. Bununla bağlı əlimizdən gələni əsirgəməyəcəyik. Görüşdə regionda terrorizm təhlükəsinin və ifratçılıq məsələsinin də önəmli olduğu bildirildi. Bu məsələ həm Orta Asiyaya, həm yaxın Şərqə, həm də Qafqaza böyük problemdir. Bu sahədə də geniş danışıqlar apardıq. İki ölkə bu sahədə əməkdaşlıq edəcək».
Göründüyü kimi, İran Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini deyir. Azərbaycan Prezidenti İranın bu mövqeyindən məmnunluq ifadə edib. Ərazi bütövlüyümüzün tam dəstəklənməsilə bağlı İranın ortaya qoyduğu konkret mövqe Dağlıq Qarabağ probleminin həllinə nə kimi fayda verə bilər?
Ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, İranın bu mövqeyi alqışlanandır: «Ancaq bu məsələdə qeyri-adi də nəsə görünmür. Bilirsiniz ki, dünyanın bir çox ölkələri bu növbətçi bəyanatı verir. Hətta münaqişənin həlli birbaşa onlardan asılı olan dövlətlər belə ərazi bütövlüyümüzü dəstəklədiklərini bəyan edir. Həmsədr ölkələrin verdikləri analoji bəyanatları bura əlavə edə bilərik. Amma problem hələ də öz həllini tapmayıb. Ərazi bütövlüyümüzün təmin olunması istiqamətində konkret hərəkətə keçilməlidir. Məsələn, İran bu istiqamətdə böyük işlər görə bilər. Bildiyimiz kimi, Ermənistan yürütdüyü siyasət ucbatından təcrid vəziyyətindədir. İran müsəlman ölkəsi olmasına baxmayaraq, qonşusu Ermənistana böyük dəstək verir. Bir sözlə, belə nəfəslik Ermənistanın işğalçı siyasətini davam etdirmək üçün olduqca böyük əhəmiyyət daşıyır. Nəticə etibarilə də İranın da dəstəklədiyi ərazi bütövlüyümüz təmin olunmur. Bu baxımdan da yaxşı olar ki, regionun böyük dövləti kimi İran Ermənistanla münasibətlərdə bir qədər fərqli mövqe tutsun. Əminəm ki, belə olacağı təqdirdə Ermənistan işğalçı siyasətindən əl çəkə bilər. Əməli hərəkətlər lazımdır. Yalnız sözdən ibarət olan bəyanatla qlobal məsələ həll edilmir. İstənilən halda, İran prezidentinin səsləndirdiyi mövqeyi tam dəstəkləməliyik».
Məhəmmədəli QƏRİBLİ