Bakıda səfərdə olan İran prezidenti Həsən Ruhani bir sıra fərqli sahələri əhatə edən bəyanatlarla çıxış edib. Onun səsləndirdiyi fikirlər arasında diqqətçəkən məqamlardan biri də həqiqi islamın təbliği ilə bağlıdır:
«Mədəniyyət sahəsində və həqiqi islamın təbliği ilə bağlı danışıqlar apardıq. Hər iki dövlət bu fikirdə birdir və çalışacaqlar ki, həqiqi islamın təbliği üçün müəyyən şəraitlər yaradılsın. İslam adına olan ifratçılığa yol verilməsin. Bu cür hallardan uzaq olmalıyıq. Bu sahədə hər 3 ölkənin səyi, mədəni mövzular və elmi-texnoloji əməkdaşlığımız gərək genişlənsin.
Üçtərəfli iclasımızın bütün region üçün faydalı olacağına ümid edirəm. Görüşdə üçtərəfli əməkdaşlıqlar, xüsusən də tranzit sahəsində, terrorizmlə mübarizə, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, iqtisadi sahədə razılıq əldə olunmasına ümid edirəm».
Məlum olduğu kimi, İran teokratik qanunlarla idarə olunan ölkədir. Bu baxımdan da Ruhaninin həqiqi islam deyəndə nəyi nəzərdə tutduğu çox maraqlıdır.
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, Ruhaninin səsləndirdiyi fikrə normal yanaşmaq lazımdır: «Əvvəl onu qeyd edim ki, Bakıda keçirilən üçtərəfli görüşü mühüm və əhəmiyyətli sayıram. Hesab edirəm ki, yerləşdiyimiz coğrafiyanın şərtləri ətrafımızda olan böyük ölkələrlə bu cür yaxınlığı zəruri edir. Ancaq Azərbaycan bu cür təmaslarda daim öz milli və dövləti mənafeyini qoruyur. Ruhaninin həqiqi islamla bağlı etdiyi çağırışda Azərbaycanın üzərinə heç bir məsuliyyət düşmür. Çünki biz dünyəvi quruluşa malik bir dövlət olsaq da, maraqlarımız hansısa qüvvənin özününküləşdirmək istədiyi islam mödelini qəbul etməyə imkan vermir. Bizim dini kimliyimizlə yanaşı, milli kimliyimiz də var. Həmçinin biz bu cür məsələlərdə dövlətimizə zərər vura biləcək yad ideologiyalara qarşı sərt tədbirlər görürük.
Demək istədiyim budur ki, Azərbaycan, bir ölkə olaraq, həqiqi islamın təbliğ olunmasında əlindən gələn nə varsa edir. Ruhaninin çıxışındakı bir məqamla xüsusilə razıyam ki, bu işdə məsuliyyət müsəlman ölkələrinin üzərinə düşür.
Bizdə elə bir dini mühit formalaşıb ki, bu nəinki region, hətta bütün dünya üçün örnək sayıla bilər.
Azərbaycanda nəinki islamın, eləcə də bütün digər dinlərin inkişafı və bərqərar olmasına ciddi önəm verilir. Hesab edirəm ki, Ruhaninin dediyi tezisin həyata keçməsi üçün Azərbaycan hazır vəziyyətdədir».
Məhəmmədəli QƏRİBLİ