Ukraynanın müdafiə qüvvələri Xəzər dənizində Rusiyanın hərbi-sənaye kompleksi şirkətinə, neft emalı zavoduna, yanacaq-sürtkü yağları anbarına, nəqliyyat gəmilərinə və hərbi gəmiyə zərbələr endirib.
Bu barədə açıqlama verən Ukrayna Prezidenti Zelenski dünən gecə Rusiyanın müxtəlif bölgələrindəki hədəflərə zərbələr endirildiyini bildirib.
"Rusiyanın xalqımıza hücum etmək üçün istifadə etdiyi silahlar üçün komponentlər tədarük edən Kirovdakı zavodu hədəfə alıb. Zavod Ukrayna sərhədindən təxminən 1200 km aralıda yerləşir" deyən Zelenski Tümendəki neft emalı zavoduna, Yekaterinburqdakı logistika obyektinə və Rostov-na-Donudakı yanacaq-sürtkü materialları anbarına da hücumlar təşkil etdiklərini açıqlayıb.
Bundan başqa, Ukrayna ordusu Xəzər dənizində Rusiya və İran arasında hərbi yük daşıyan gəmiləri də hədəf alıb. "Xəzər dənizində uzun mənzilli zərbələrdən də çox müsbət nəticələr əldə edilib. Xüsusilə, Rusiya və İran arasında hərbi yük daşıyan gəmilərə, eləcə də hərbi gəmiyə zərbələr endirilib", - deyə Zelenski bildirib.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, İran və Rusiya arasında hərbi yük daşıyan "Molniya" raket gəmisi, beynəlxalq sanksiyalara məruz qalan və İranla Rusiya arasında hərbi yüklərin daşınması üçün istifadə edilən "Port Olya 2" yük gəmisi və "Begey" yük gəmisi və Filanovski yatağındakı neft platforması vurulub.
Bundan əlavə, Rostov-na-Donda S-400 radar sistemi, Tor-M2 hava hücumundan müdafiə sistemi, Pole-21 elektron müharibə sistemi və FPV dronlarının olduğu anbarlar hədəf alınıb.
Tahir TAĞIYEV