İrana qarşı qisas dalğası böyüyür. ABŞ mediası Bəhreyn və Küveytin həftələrlə davam edən hücumlara cavab olaraq İran daxilindəki hərbi hədəfləri gizli şəkildə bombaladığını iddia edib.
"The Wall Street Journal" qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ hərbi bazalarına ev sahibliyi edən Bəhreyn və Küveyt bu ayın əvvəlində İran ərazisindəki hərbi obyektləri hədəf alan gizli hava əməliyyatı keçirib.
Hücumun İranın pilotsuz təyyarə obyektlərini və raket anbarlarını hədəf aldığı iddia edilir. Bildirilir ki, müharibənin əvvəlində İrana qarşı oxşar hücumlar həyata keçirən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu əməliyyat üçün kəşfiyyat və müdafiə hava dəstəyi verib.
Bu iddialardan sonra diplomatik kanallardan bir sıra açıqlamalar gəlib. Küveytin ABŞ-dakı səfiri əl-Zain əl-Sabah iddiaları rədd edərək bildirib ki, Küveyt dövləti İrana qarşı heç bir hərbi əməliyyatda iştirak etməyib və ərazisinin qonşu dövlətə qarşı hücumlar üçün istifadəsinə icazə verməyib.
BƏƏ Xarici İşlər Nazirliyi də İranın Küveyt və Bəhreynə hücumlarını qınadığını bir daha təkrarlayaraq, hər iki ölkənin təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdığı addımları tam dəstəklədiyini bildirib.
ABŞ mediası şərhində bildirib ki, region ölkələri istənməyən münaqişə ilə İran kimi güclü bir qonşu arasında qalıblar. Hörmüz boğazında və Qırmızı dənizdə blokadalar səbəbindən Körfəzin neft ixracı, ticarəti və turizmi ciddi zərbə alıb. Qeyd edilir ki, müharibə uzun müddət davam edərsə, ərəb ölkələri açıq şəkildə İranla qarşıdurmaya getmək məcbururiyyətində qala bilər.
Tahir TAĞIYEV