Əli Mustafa: “Orta Dəhliz həm də Avropa üçün geopolitik seçimdir”
Orta Dəhliz Avropa üçün yalnız nəqliyyat və logistika marşrutu deyil, eyni zamanda iqtisadi təhlükəsizliyi gücləndirən, təchizat zəncirlərini şaxələndirən və Avropa İttifaqının geosiyasi maraqlarını dəstəkləyən strateji alət kimi qiymətləndirilməlidir.
Bu, Alman Marşal Fondunun hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Qırmızı dənizdə yaranan təhlükəsizlik problemləri, iqtisadi təhlükəsizliklə bağlı narahatlıqlar və təchizat zəncirlərinin dayanıqlığının artırılması zərurəti Avrasiya üzrə alternativ nəqliyyat marşrutlarına marağı əhəmiyyətli dərəcədə artırıb. Orta Dəhlizin əhəmiyyəti təkcə daşınan yüklərin həcmi ilə ölçülməməlidir: “Orta Dəhliz mövcud marşrutları əvəz etmək üçün deyil, Avropa və region ölkələri üçün daha çox strateji seçim yaratmaq, əlaqəliliyi və iqtisadi dayanıqlığı artırmaq üçün qiymətləndirilməlidir”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən ekspert Əli Mustafanın fikrincə, Orta Dəhliz Avropa üçün strateji əhəmiyyət kəsb edir: “Orta Asiya və Cənubi Qafqazdan keçən bu yol yalnız logistika, ticarət yolu deyil. Orta dəhliz həm də Avropa üçün geopolitik seçimdir. O mənada ki, Avropanın böyük bir coğrafi məkanla əlaqəsini təmin edəcək. Ona görə də dünyanın aparıcı tədqiqat və araşdırma mərkəzləri dəhlizə bu qədər xüsusi önəm verirlər. Məsələ ondadır ki, dünyada geosiyasi proseslər sürətlə dəyişir və bütün bunlar bir sıra regionlara, siyasi, iqtisadi konfiqurasiyalara öz təsirini göstərir. Anlaşılan odur ki, Orta Dəhlizin qurulması, açılması olduqca əhəmiyyətlidir. O üzdən, bu dəhliz tam işləyəcək və bu da Zəngəzur dəhlizi fəaliyyətə başlayandan sonra mümkün olacaq. Hesab edirəm ki, bütün hallarda bu yol həm də keçdiyi regionun təhlükəsizlik qarantıdır. Ciddi şəkildə Avropanın yeni tədarük zəncirinin təminatıdır və yeni bir gerçəklikdir. Necə deyərlər, Avrasiyanın yeni modelidir. Xüsusən Mərkəzi Asiyanın türk dövlətlərinin Avropa ilə əməkdaşlığı, əlaqələrin olması, nəqliyyat bağlantılarının güclənməsi, şaxələnməsi, yeni alternativlərin yaranması deməkdir. Ona görə də bu, strateji seçimdir və bizim üçün də faydalıdır. Necə deyərlər, əhəmiyyətli seçimdir”.
Vidadi ORDAHALLI