Murad Sadəddinov: "Mülki nüvə proqramı gələcəkdə nüvə silahına aparan baza ola bilər"
ABŞ və Səudiyyə Ərəbistanı nüvə energetikası sahəsində dinc əməkdaşlıq və nüvə təhlükəsizliyi üzrə ikitərəfli sazişlər imzalayıb. Sənədlər iki ölkə arasında uzunmüddətli, milyardlarla dollarlıq əməkdaşlıq üçün hüquqi baza yaradır.
Sazişlərə əsasən, ABŞ şirkətləri Səudiyyə Ərəbistanının nüvə energetikası proqramında geniş iştirak edə biləcək. Digər mühüm məqam isə odur ki, aparılacaq birgə araşdırmadan sonra Səudiyyə Ərəbistanına ABŞ-ın iştirakı ilə tikiləcək müəssisədə nüvə yanacağı istehsalı üçün öz ərazisində uranı zənginləşdirməyə icazə verilə bilər. Bu, 2009-cu ildə BƏƏ ilə imzalanmış analoji sazişdən fərqlənir, çünki BƏƏ belə hüquqdan könüllü imtina etmişdi.
ABŞ Energetika Nazirliyi sazişlərin ən yüksək nüvə təhlükəsizliyi və silahların yayılmaması standartlarına uyğun olduğunu bəyan edib. Bununla yanaşı, bəzi siyasətçilər və ekspertlər Səudiyyə Ərəbistanının əldə edəcəyi texnologiyaların gələcəkdə nüvə silahı proqramına xidmət edə biləcəyindən və bunun Yaxın Şərqdə yeni silahlanma yarışına səbəb ola biləcəyindən narahatdırlar.
Sazişin qüvvəyə minməsi üçün sənəd ABŞ Konqresinə təqdim olunacaq. Konqres 90 gün ərzində ona qarşı çıxmasa, saziş qüvvəyə minəcək.
Göründüyü kimi, Donald Tramp administrasiyası ABŞ ilə Səudiyyə Ərəbistanı arasında nüvə əməkdaşlığı sazişini İsrailin tanınması şərtindən ayırıb. Yəni sazişin imzalanması üçün Ər-Riyaddan İsraili tanıması tələb olunmur.
Bununla belə, İsraillə münasibətlərin normallaşdırılması ABŞ-Səudiyyə gündəmində qalır, sadəcə nüvə sazişinin əsas şərti hesab edilmir.
ABŞ-la Səudiyyə Ərəbistanı arasında imzalanan nüvə əməkdaşlığı sazişi Yaxın Şərqdə təhlükəsizlik balansına və nüvə silahlarının yayılmaması rejiminə necə təsir göstərə bilər?
Politoloq Murad Sadəddinov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın Səudiyyə Ərəbistanına təklif etdiyi layihə ilə bağlı bir neçə mühüm məqam var və bunları siyasi və iqtisadi aspektlərdən qiymətləndirmək olar.
Onun sözlərinə görə, siyasi baxımdan əsas məsələlərdən biri Səudiyyə Ərəbistanının İsraili tanıması və "İbrahim sazişləri"nə qoşulmasıdır.
"Bu, Yaxın Şərqdə geosiyasi vəziyyəti dəyişə bilər. Həm maliyyə, həm də siyasi baxımdan Səudiyyə Ərəbistanı kimi təsirli bir ölkənin İsraili tanıması gələcəkdə anti-İsrail qüvvələrini maliyyə və siyasi dəstəkdən məhrum edə bilər. Bu isə İsrailin təhlükəsizliyi baxımından ciddi irəliləyiş olardı", – deyə politoloq bildirib.
Murad Sadəddinov qeyd edib ki, iqtisadi baxımdan nüvə proqramı ilə bağlı layihələr ABŞ şirkətləri üçün böyük gəlir mənbəyidir.
"Donald Trampın siyasi fəaliyyətinə nəzər salsaq görərik ki, o, ABŞ üçün iqtisadi dividendlər gətirən layihələrə xüsusi önəm verir. Bəzən bu istiqamətdə siyasi maraqlardan daha çox iqtisadi maraqları ön plana çıxardığı müşahidə olunur. ABŞ-ın bu sahədə kifayət qədər təcrübəsi var və hesab edirəm ki, Vaşinqton Səudiyyə Ərəbistanında mülki nüvə proqramının həyata keçirilməsinə nail olacaq", – o vurğulayıb.
Politoloq xatırladıb ki, vaxtilə İran şahı Məhəmməd Rza Pəhləvinin dövründə də İranın nüvə proqramının əsası məhz ABŞ tərəfindən qoyulmuş, ölkədə ilk nüvə reaktoru inşa edilmişdi. Sonradan isə bu proses dayandırıldı və İranın nüvə proqramına qarşı beynəlxalq məhdudiyyətlər tətbiq olundu.
"Səudiyyə Ərəbistanının nüvə proqramı ilə bağlı bir məqamı da nəzərə almaq lazımdır. Dövlətlər bəzən mülki nüvə proqramından gələcəkdə nüvə silahı əldə etmək üçün baza kimi istifadə edirlər. Bu layihə reallaşarsa, gələcəkdə regionda nüvə silahlarının yayılması riskinin artacağını istisna etmək olmaz", – deyə Murad Sadəddinov əlavə edib.
Dəniz NƏSİRLİ