Məlum olduğu kimi, Montrö Konvensiyası 20 iyul 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanıb. O, Türkiyənin İstanbul və Çanaqqala boğazları üzərində suveren hüquqlarını təsdiqləyən mühüm beynəlxalq müqavilədir. Bu sənəd Qara dəniz ilə Aralıq dənizini birləşdirən boğazlardan ticarət və hərbi gəmilərin keçid qaydalarını müəyyən edir. Konvensiya bu gün də qüvvədədir və beynəlxalq dəniz hüququnun ən əhəmiyyətli sənədlərindən biri hesab olunur.
Konvensiyanın əsas məqsədi boğazlarda təhlükəsizliyi təmin etmək, Türkiyənin milli təhlükəsizlik maraqlarını qorumaq və Qara dəniz regionunda hərbi balansın saxlanmasına töhfə verməkdir. Müqavilə ticarət gəmilərinə sülh dövründə boğazlardan sərbəst keçid hüququ tanıyır. Lakin hərbi gəmilər üçün daha ciddi və ətraflı qaydalar müəyyən edilib. Montrö Konvensiyasına əsasən, Qara dəniz sahili olan və olmayan dövlətlərin hərbi gəmiləri üçün fərqli hüquqi rejim tətbiq edilir. Qara dəniz altı ölkənin sahillərini yuyur: Türkiyə, Bolqarıstan, Rumıniya, Ukrayna, Rusiya və Gürcüstan. İlk üçü NATO üzvüdür, digərləri isə NATO üzvü deyil. Qara dəniz sahili olan dövlətlər hərbi gəmilərinin boğazlardan keçidi zamanı daha geniş hüquqlara malikdirlər. Onlar müəyyən şərtlərə əməl etməklə daha böyük tonnajlı hərbi gəmiləri boğazlardan keçirə bilərlər. Bununla yanaşı, keçid barədə Türkiyə hökumətinə əvvəlcədən rəsmi məlumat vermələri tələb olunur. Qara dənizə sahili olmayan dövlətlər üçün isə daha ciddi məhdudiyyətlər nəzərdə tutulur. Bu dövlətlərin Qara dənizdə eyni vaxtda saxladıqları hərbi gəmilərin ümumi tonnajı və bölgədə qalma müddəti məhdudlaşdırılır. Konvensiyaya görə, həmin dövlətlərin hərbi gəmiləri Qara dənizdə adətən 21 gündən artıq qala bilməzlər. Bu müddəa bölgədə hərbi qüvvələrin balansını qorumağa və xarici dövlətlərin uzunmüddətli hərbi mövcudluğunun qarşısını almağa xidmət edir. Konvensiyada təyyarədaşıyan gəmilərlə bağlı da xüsusi yanaşma mövcuddur. Müqavilənin müddəaları və sonrakı tətbiq praktikası nəticəsində Qara dənizə sahili olmayan dövlətlərin təyyarədaşıyan gəmilərinin boğazlardan keçidi mümkün hesab edilmir. Bu qayda Qara dənizin hərbiləşdirilməsinin qarşısını almağa yönəlmiş mühüm mexanizmlərdən biri kimi qiymətləndirilir. Türkiyənin müharibə dövründə və ya müharibə təhlükəsi ilə üzləşdiyi hallarda səlahiyyətləri daha da genişlənir. Əgər Türkiyə müharibədə iştirak edirsə və ya özünü yaxın müharibə təhlükəsi altında hesab edirsə, boğazlardan hərbi gəmilərin keçidini tam və ya qismən məhdudlaşdırmaq hüququna malikdir. Bu müddəa ölkənin milli təhlükəsizliyinin təmin edilməsinə xidmət edir və Konvensiyanın ən vacib maddələrindən biri sayılır. Montrö Konvensiyası uzun illər ərzində beynəlxalq münasibətlərdə mühüm rol oynayıb. Xüsusilə Qara dəniz regionunda baş verən siyasi və hərbi hadisələr zamanı bu sənədin əhəmiyyəti daha da artır. Müxtəlif beynəlxalq böhranlar dövründə Türkiyə Konvensiyanın müddəalarına əsaslanaraq boğazlardan hərbi gəmilərin keçidini tənzimləyib və bununla da regional sabitliyin qorunmasına çalışıb. Bu da o deməkdir ki, Montrö Konvensiyası təkcə Türkiyə üçün deyil, həm də Qara dəniz hövzəsində yerləşən dövlətlər və beynəlxalq təhlükəsizlik sistemi üçün böyük əhəmiyyət daşıyır. Hərbi gəmilərin keçidinə dair müəyyən etdiyi qaydalar regionda güc balansının qorunmasına, dövlətlərin təhlükəsizlik maraqlarının uzlaşdırılmasına və beynəlxalq hüququn prinsiplərinin tətbiqinə xidmət edir. Amma indi Montrö Konvensiyasına əsasən, Türkiyənin oynadığı rolun azalmasına cəhdlər olunur. Xüsusən də Rusiyanın Ukraynaya müdaxiləsindən dörd ildən çox vaxt keçdikdən sonra Qara dənizin Avropanın əsas təhlükəsizlik zonalarından birinə çevrilməsi fonunda bu məsələ gündəmə gətirilir. “Carnegie Europe” beyin mərkəzinin baş elmi işçisi Tomas de Vaal “Deutche Welle”yə bildirib ki, hazırda Qara dənizdə, demək olar ki, heç bir hərbi gəmi yoxdur. O, burada müəyyən bir paradoks olduğunu iddia edir.
Qeyd edildiyi kimi, Aralıq dənizindən Qara dənizə yalnız bir dar dəniz yolu aparır. Gəmilər iki boğazdan keçməlidir: Çanaqqala boğazı və sonra Türkiyənin ən böyük şəhəri olan İstanbulun mərkəzindən keçən Bosfor boğazı. Ən dar nöqtəsində Bosforun eni cəmi 700 metrdir. Vaalın dediyi kimi, Qara dənizə gedən yoldakı məhz bu coğrafi "tıxanıqlıq" Dardanel və Bosfor boğazlarını kritik ticarət mərkəzinə çevirir: "Bu Qara dəniz boğazlarına nəzarət edən tərəf müəyyən dərəcədə Qara dəniz vasitəsilə ticarətə nəzarət edir və həmçinin böyük hərbi üstünlük əldə edir". Berlində yerləşən Elm və Siyasət Fondunun elmi işçisi Daria İsaçenkonun sözlərinə görə, Rusiyanın da regiona xüsusi marağı var: "Moskva üçün Qara dənizdə güclü hərbi mövcudluq özlüyündə bir məqsəd deyil, geosiyasi maraqlarını sərhədlərindən çox kənarda irəli aparmaq və böyük bir güc kimi mövqeyini gücləndirmək üçün bir vasitədir". Qeyd edildiyi kimi, Türkiyə hansısa münaqişəyə qarışmazsa, döyüşlərdə iştirak edən hər hansı bir ölkənin gəmilərinin Çanaqqala və Bosfor boğazlarından keçməsinə icazə verilmir. Daria İsaçenko iddia edir ki, bu halda Qara dəniz bölgəsində ən imtiyazlı dövlət Türkiyənin özüdür: “Bu, həmçinin NATO-nun Qara dənizdə daimi hərbi iştirakının olmamasının səbəbini izah etməyə kömək edir. Şimali Atlantika Alyansı üçün Montrö Konvensiyası bir məhdudiyyətdir. Türkiyə üçün isə Qara dənizdə tarazlığı qorumaq üçün bir vasitədir".
“Deutche Welle” yazır ki, Rusiya 2022-ci ilin fevral ayının sonlarında Ukraynaya müdaxiləyə başlayanda Montrö Konvensiyası bəlkə də son onilliklərdəki ən ciddi sınağı ilə üzləşdi: “Moskva hərbi əməliyyata başladıqdan bir neçə gün sonra Türkiyə konvensiyanın 19-cu maddəsini - münaqişədə iştirak edən dövlətlərin hərbi gəmilərinin boğazlardan keçməsini qadağan edən müharibə dövrü müddəasını tətbiq etdi. Əslində, həmin andan etibarən nə Rusiya, nə də Ukrayna Qara dənizdəki donanmalarını sərbəst şəkildə gücləndirə bilmədilər. Bir istisna olmaqla: orada yerləşən hərbi gəmilərin bazalarına qayıtmasına icazə verilirdi”. Tomas de Vaal bildirib ki, Montrö Konvensiyası və Türkiyənin müharibənin əvvəlindəki siyasəti Ukraynanın müdafiəsini qorumaq qabiliyyətində tamamilə həlledici rol oynayıb. O, bunun Kremlin Qara dəniz donanmasını gücləndirməsinə mane olduğunu iddia edir və qeyd edir ki, 30-a qədər Rusiya gəmisi Qara dənizin xaricində qalıb. Vaal qeyd edir ki, bu, Ukraynanın orada üstünlüyünü qorumasına kömək edib. “Deutche Welle” isə qeyd edir ki, mövcud məhdudiyyətlər, həmçinin müharibənin təbiətinin necə dəyişdiyini də nümayiş etdirmiş ola bilər - Kiyev 1936-cı il konvensiyasında əhatə olunmayan dronlardan və digər müasir silahlardan istifadə etməyə başlayıb. Rumıniyalı xarici siyasət analitiki Yulian Çifu deyir: "Ukrayna hərbi gəmilər istehsal etməyib; o, sadəcə diqqətini yeni nəsil zərbə silahlarına yönəldib". “Deutche Welle” onu da qeyd edir ki, Montrö Konvensiyası Ukraynanın Qərb müttəfiqlərinin imkanlarını da məhdudlaşdırdı: “2024-cü ildə Birləşmiş Krallıq Kiyevə iki minaaxtaran gəmi bağışladı və Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, onlar Qara dənizə daxil ola bilmədilər. Tomas de Vaalın sözlərinə görə, bu, Türkiyənin onları "döyüş gəmiləri" kimi görməsi ilə bağlıdır. Minaaxtaranlar sonda İngiltərənin cənubundakı Portsmut limanında lövbər saldılar. De Vaal üçün bu yanaşma Türkiyə hakimiyyətinin daha geniş strategiyasının nümunəsidir: "Bu, çox düşünülmüş bir strategiyadır və Türkiyə mahiyyət etibarilə digər NATO üzvlərinə deyir: “Qara dənizdəki işlərimizə qarışmayın, biz özümüz həll edəcəyik”. Bəlkə də, konvensiyanın bu gün də aktuallığını qoruyan əsas amil onun dövlətlər tərəfindən uzun müddətdir qəbul edilməsidir. "Türkiyə Rusiyanın xüsusilə bəyənmədiyi, lakin qəbul etdiyi bir mexanizm, bir rejim təklif etdi və bu çox vacibdir", - deyə Vaal davam edir. Köhnə qaydalara əsaslanan sözdə beynəlxalq nizamın getdikcə daha çox təzyiq altında olduğu bir dövrdə Montrö Konvensiyası qəbulundan 90 il sonra hələ də riayət edilən və hörmət edilən çoxtərəfli diplomatik mexanizmin nadir nümunəsi olaraq qalır. Türkiyə boğazlarının coğrafiyası və onları əhatə edən mürəkkəb idarəetmə strukturu NATO-nu bölgədəki hərəkətlərini yenidən nəzərdən keçirməyə məcbur edib. Bəzən bu məsələ hətta ittifaq üzvləri arasında müəyyən gərginliyə səbəb olur. "Qara dənizdə Türkiyə öz maraqlarını birinci, NATO-nun maraqlarını isə ikinci yerə qoyur", - deyə Karnegi Avropa analitiki bildirir. O qeyd edir ki, məhz bu təhlükəsizlik məntiqi türklərin Qərb müttəfiqlərinə münasibətini müəyyən edir: "Biz sizin Qara dənizdə daimi olaraq mövcud olmağınızı istəmirik, amma Rumıniya və Bolqarıstan Qara dəniz dövlətləridir, ona görə də onları dəstəkləyə bilərsiniz". Nəticədə, 2004-cü ildə NATO-ya qoşulan bu iki Şərqi Avropa dövlətinə daha çox diqqət yetirilib. Lakin bəzi ekspertlər hələ də Türkiyənin yanaşmasına şübhə ilə yanaşırlar. Yulian Çifu iddia edir ki, "Bolqarıstan və Rumıniyanın hərbi potensialı onların öz ərazilərini müdafiə etmək qabiliyyətlərindən kənara çıxmır". Buna baxmayaraq, o qeyd edir ki, Buxarest "gəmiqayırma imkanlarını artırmağa çalışır " və Qara dənizdəki mövcudluğunu gücləndirmək üçün hərbi texnika da alır. Bu siyasətin bir nümunəsi Konstansa liman şəhəri yaxınlığında yerləşən Mixail Koqalniceanu Hava Bazasının planlaşdırılan modernləşdirilməsidir. Rumıniya hakimiyyətinin onu Avropadakı ən böyük NATO hərbi bazasına çevirmək üçün 2,5 milyard avro ayıracağı gözlənilir - bu, Almaniyanın Ramşteyn şəhərindəki ABŞ Hərbi Hava Qüvvələri bazasından daha böyükdür. Tomas Vaal bildirib ki, Montrö Konvensiyası olduqca arxaik bir sənəddir və qeyd edib ki, orada hələ də 80 il əvvəl mövcudluğunu dayandıran BMT-nin sələfi olan Millətlər Liqasından bəhs olunur. Lakin analitik proqnozlaşdırır ki, heç kim konvensiyaya toxunmaq istəmir, çünki onun bir növ Pandora qutusunu açacağından və bütün məsələlərin Rusiya ilə yenidən müzakirə olunacağından qorxur. Daria İsaçenko deyir ki, "Ankara üçün Montrö Konvensiyası həm də Türkiyə Respublikasının fundamental müqavilələrindən biridir. Konvensiya Qara dənizə çıxışı tənzimləməklə yanaşı, Türkiyənin fundamental maraqlarını - "suverenlik, təhlükəsizlik və beynəlxalq status"u da əks etdirir. Buna görə də, İsaçenko xəbərdarlıq edir ki, bu sənədi şübhə altına almağa çalışmaq bu fundamental maraqlara "toxunmaq, yenidən nəzərdən keçirmək və onlara meydan oxumaq" deməkdir. Tomas de Vaalın Ankarada keçirilən NATO sammitindən çıxardığı əsas nəticə belə oldu: "Türkiyə ilə əməkdaşlıq etməkdən başqa çarəniz yoxdur. Onsuz işləmək mümkün deyil. Mövcud olduğu doxsan il ərzində Montrö Konvensiyası müharibələrdən, siyasi liderlərdən və bütöv nəsillərdən daha uzun ömür sürdü. Və qüvvədə qaldığı müddətcə Türkiyə Qara dənizə açılan qapı üzərində nəzarəti saxlayır”.
Tahir TAĞIYEV