Məhərrəm Zülfüqarlı: “Rusiya ona görə bu görüşü etiraf etmir ki, bu, qeyri-rəsmi formada keçirilib”
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakı görüşü barədə məlumata malik deyil. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüş barədə məlumatı olmadığını söyləyib: “Məndə bu görüş barədə heç bir məlumat yoxdur. Ona görə də sizə deyə biləcəyim bir şey yoxdur”.
Qeyd edək ki, "The Times" nəşri iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini yazıb. Qəzetin yazdığına görə, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.
Prezident İlham Əliyev Berlində Almaniya Federal Kansleri ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bununla bağlı suala Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndiklərini, Azərbaycan tərəfinin bu barədə xəbərinin olmadığını söyləyib. Dövlət başçısı bildirib ki, Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəyib, “The Times” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqlənib.
Maraqlıdır, Rusiya tərəfi belə bir danışıqların keçirilməsini niyə danır? Niyə belə bir danışığın olduğunu israrla inkar edirlər?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyi barədə müxtəlif xarici KİV-lərdə məlumatlar var: “Əsasən Qərb mətbuatı bu barədə yazır. Prezident İlham Əliyevin Almaniyada səfərdə olarkən ona bu barədə sual da verildi. Ölkə başçısı da buna tam ətraflı cavab verdi. Yəni Azərbaycanın Sərhəd Xidməti həmin şəxslərin Bakıya gəldiyini təsdiqləyib. Ancaq görüş barədə məlumat yoxdur. Niyə? Çünki görüş qeyri-rəsmidir. Məsələ ondadır ki, hər il Azərbaycan paytaxtına müxtəlif ölkələrin nümayəndələri gəlir, görüşürlər. Turist səfərinə gəlirlər, biznes əlaqələri qururlar və s. Ona görə də onların oteldə hər hansı görüşü, rəsmi görüş olmadığına görə maraq doğurmur. Ancaq məsələ ondadır ki, Rusiya və Almaniya nümayəndələrinin Bakı görüşü sıradan bir görüş deyil. Çünki onlar əvvəl yüksək dövlət vəzifəsində təmsil olunublar. Bu da onu göstərir ki, tərəflər arasında hansısa ciddi məsələ müzakirə edilib. Rəsmi görüşdə müzakirə edilməyən məsələlərin, burada müzakirə edilməsi ehtimalı böyükdür. Ona görə də Prezident Əliyev bununla bağlı sualı cavablandırarkən dedi ki, əgər belə danışıqlar müharibənin dayandırılmasına töhfə verərsə, biz bunu alqışlayırıq. Yəni biz qonşu ölkə olaraq bununla bağlı narahatçılığımızı hər zaman bildirmişik. Müharibənin tezliklə bitməsinin tərəfdarıyıq. Rəsmi və ya qeyri-rəsmi görüşün olmasından asılı olmayaraq bu məsələdə sülh əldə ediləcəksə, bunu alqışlamaq gərəkdir. Başqa bir tərəfdən reallıq odur ki, qərb ölkələrinin Rusiya ilə gizli əlaqələri var. Ola bilsin hansısa biznes maraqları var və o görüşdə müzakirə edilib. Rusiya ona görə bu görüşü etiraf etmir ki, bu, qeyri-rəsmi formada keçirilib. Əsasən buna görə bunu inkar edirlər. Rəsmi görüş olsaydı, o zaman bəlkə də bunu gizlətməzdilər”.
Vidadi ORDAHALLI