Azər Həsrət: “Rusiya Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləməsini həzm edə bilmir”
Rusiya ordusu Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə raket zərbələri endirib. Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində səfirliyin inzibati binasına ziyan dəyib. Binadan 200-250 metr məsafəyə, "Lukyanovka" metro stansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavandan çatlar əmələ gəlib.
Burada diqqət çəkən məqam odur ki, neçə vaxt idi səfirliyimin yaxınlığı hədəf alınmırdı. Bundan bir neçə ay əvvəl bənzər hadisələr baş verib. Rusiya müəyyən müddətdən sonra yenidən buna əl atdı. Niyə? Ola bilərmi bu günlərdə Prezident İlham Əliyevin Şuşa Forumunda Ukraynanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi mövqe Rusiyanı qıcıqlandırdığı üçün belə addım atırlar?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən ekspert Azər Həsrətin fikrincə, Rusiyanın bu davranışları əslində gözlənilməz deyildi: “Rusiya həqiqətən də Azərbaycan da daxil olmaqla yaxın qonşularına münasibətdə təcavüzkar siyasətindən imtina etmək fikrində deyil. Ona görə də dəfələrlə demişəm ki, Azərbaycan da daxil olmaqla Rusiya ilə eyni qurumlarda təmsil olunan dövlətlər bir araya gəlməlidir. Bu yolla Rusiyaya yerini göstərməlidilər. Bunlardan birincisi Müstəqil Dövlətlər Birliyidir. Azərbaycan təcili şəkildə MDB-dən çıxmaq haqqında müzakirələrə başlamalıdır. Azərbaycanla bərabər digər türk dövlətləri, eləcədə türk olmayan dövlətlər də Rusiyanın önünü çəkdiyi, özünün arxa bağçası sandığı MDB-dən çıxmalıdır. İkinci bir tərəfdən biz üzv olmasaq da, KTMT-dəki üzv dövlətlər artıq Rusiyadan uzaqlaşmaq üçün addımlar atmalıdılar. Yəni Rusiyaya yeri göstərilməsə, bu ölkə bizi incitməkdə davam edəcək. Ona görə də hesab edirəm ki, daha sərt addımlar atılmalıdır. Ümumiyyətlə, anti-Rusiya koalisiyası qurmaq lazımdır. Bunu yavaş-yavaş əsaslandırmaq və ictimai rəyə çıxarmaq lazımdır. Ondan savayı Azərbaycan ictimai rəyində, xüsusən də media və vətəndaş cəmiyyəti qurumları Rusiya ilə bağlı təbliğatı artırmalıdılar. Yəni Rusiyanın təcavüzkarlığı, Ukraynanı işğal etməsi, qonşularına təcavüzkar münasibət bəsləməsi, bütün bu məsələlərlə bağlı beynəlxalq platformalarda Azərbaycan QHT-ləri, mediası fəaliyyət göstərməlidir. Şəxsən mən üzərimə düşəni edirəm və heç vaxt dayanmamışam. O üzdən, Azərbaycanda geniş bir cəbhədə bu fəaliyyət aparılmalıdır. Şuşa Forumunda Prezident Əliyev əslində Rusiyaya əl uzatdı və Moskva bunu dəyərləndirməli, fürsətə çevirməli idi. Ardından xarici işlər naziri Ceyhun Bayramov Moskvaya səfər etdi, münasibətlərinin yaxşı olmasını göstərdi. Ancaq Rusiya bunu dəyərləndirmədi. Tam əksinə, Kiyevdəki səfirliyimizin ətrafı bombalandı. Təbii ki, bütün bunlar təsadüfən baş vermir. Rusiya Azərbaycanın müstəqil siyasət yürütməsini, Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləməsini həzm edə bilmir. Ona görə bizə qarşı belə terror törədir”.
Vidadi ORDAHALLI