Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürklerin dəvəti əsasında Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə səfər çərçivəsində Azərbaycan–Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri, Milli Məclisin komitə sədri, akademik Əhliman Əmiraslanovun rəhbərliyi ilə İşçi Qrupunun üzvləri, millət vəkilləri Ağalar Vəliyev və Heydər Əsədov Sülh Hərəkatının 52-ci ildönümü münasibətilə Sülh və Azadlıq Bayramına həsr olunmuş tədbirlərdə və bir sıra görüşlərdə iştirak ediblər.
Səfər çərçivəsində Nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Sədri Ziya Öztürkləri və Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ünal Üstellə görüşüblər.
Görüşlər zamanı Əhliman Əmiraslanov Şimali Kipr Türk Cümhuriyyətinin dövlət bayramı münasibətilə səmimi təbriklərini çatdıraraq bildirib ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında bu gün mövcud olan səmimi münasibətlərin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. O vurğulayıb ki, Heydər Əliyev hər zaman Şimali Kipr Türk Cümhuriyyətinə xüsusi diqqət və rəğbət göstərib. Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı həyata keçirdiyi siyasət də məhz Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xəttə əsaslanır və bu münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.
Əhliman Əmiraslanov son illərdə Azərbaycan Respublikası Milli Məclisi ilə Şimali Kipr Türk Cümhuriyyəti Məclisi arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyini məmnunluqla qeyd edib. O bildirib ki, Türk dünyası çərçivəsində parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi gələcəkdə hər iki tərəf üçün mühüm və perspektivli nəticələr verəcək.
O, eyni zamanda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın bayram münasibətilə səmimi təbriklərini və salamlarını Şimali Kipr Türk Cümhuriyyəti ali rəhbərliyinə rəhbərliyinə çatdırıb. Görüşlərdə qarşılıqlı məmnunluq ifadə olunub, fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Xüsusilə, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman görüşdən məmnunluğunu ifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını və təşəkkürlərini çatdırmağı xahiş edib. O bildirib ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsi, siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki xalqın maraqlarına xidmət edir. Prezident Tufan Erhürman Azərbaycan dövlətinin və xalqının Şimali Kipr Türk xalqına göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, Şimali Kiprdə bayram tədbirləri münasibətilə səfərdə olan Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun nümayəndə heyəti bu gün də Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək rəsmi bayram tədbirlərində iştirak edəcək.
ZÜMRÜD