İsrail xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülən "erməni soyqırımını" tanıyan qanun layihəsi, Bakının müdaxiləsi nəticəsində (İsrail parlamenti) Knessetin səsverməsindən geri götürülüb.
İsrail mediası yazır ki, İsrail Nazirlər Kabineti iyun ayının sonunda xarici işlər naziri Saarın rəhbərliyi ilə 1915-ci il hadisələri ilə bağlı birtərəfli qətnaməni təsdiqləyib. Lakin bunun rəsmi dövlət siyasətinə çevrilməsi üçün tələb olunan sonrakı Knesset səsverməsi Azərbaycanın müdaxiləsi ilə gündəmdən çıxarılıb.
"Haaretz" qəzetinə danışan məsələ ilə tanış olan İsrail mənbəsinin sözlərinə görə, qətnamənin parlament səsverməsindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin müşaviri Hikmət Hacıyevin İsrail Baş nazirinin ofisi ilə təmasa keçib. Yüksək səviyyəli diplomatik səylərdən sonra Baş nazir Netanyahu qətnamənin Knessetə təqdim edilməsinin qarşısını şəxsən özü alıb.
Qəzetin əldə etdiyi məlumata görə, İsrail rəsmiləri Azərbaycan rəsmilərinə yay tətilindən əvvəl məsələnin parlament səsvermə paketinə daxil edilməyəcəyinə və gündəmdən tamamilə çıxarılacağına zəmanət veriblər. Həmçinin bildirilib ki, Knessetin tətili və qarşıdan gələn erkən seçki cədvəli səbəbindən təşəbbüs tamamilə ertələnib.
“Haaretz”in iddialarına cavab olaraq, Xarici işlər naziri Saarın ofisi Netanyahunun müdaxiləsi səbəbindən səsvermənin ləğv edildiyini təkzib etsə də, qanun layihəsinin Knessetə təqdim edilməməsinin səbəbini də açıqlamayıb.
"Soyqırım”ı tanıyan hökumət qərarı var və yekdilliklə təsdiqlənib. Bu qətnamə dəyişdirilməyəcək və bu, vacib, tarixi bir faktdır" – deyə XİN başçısının ofisindən bildirilib.
Tahir TAĞIYEV