Adı açıqlanmayan yüksək vəzifəli İsrail hərbi rəsmisi, İsrailin Keshet 13 televiziya kanalında çıxışında ABŞ-ın İrana hücumların miqyasını genişləndirmək üçün hava əməliyyatı imkanlarını artırdığını bildirib və buna sübut kimi, İsrailə təxminən 100 tanker təyyarəsinin yerləşdirilməsinə başlandığını deyib.
Rəsmi, həmçinin, ABŞ prezidenti Donald Trampın İrana hücumları daha da artırmaq niyyətində olduğunu iddia edərək, gələn həftənin kritik bir dövr olacağını qeyd edib.
İsrail hərbi rəsmisi onu da bildirib ki, bu mərhələdə Tehran rəhbərliyi son hücumların yaratdığı eskalasiyaya birbaşa İsraili cəlb etməməyə çalışır. Lakin o, ABŞ zərbələrinin intensivliyini artırarsa, bu vəziyyətin dəyişə biləcəyini iddia edib.
İsrail dövlət televiziya kanalı KAN da ABŞ-ın Yaxın Şərqə təkcə tanker təyyarələri deyil, həm də onlarla əlavə qırıcı təyyarə göndərməyə başladığını bildirib. Hesabatda qeyd olunur ki, yeni qırıcı təyyarələrin yaxın günlərdə bölgədəki ABŞ hərbi bazalarına yerləşdiriləcəyi gözlənilir.
KAN-ın hesabatında iddia olunur ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələrindən ibarət eskadrilya son 24 saat ərzində İordaniyaya çatıb və bəzi təyyarələr Qətərdən İsrailin cənubundakı Ovda hava bazasına köçürülüb. Həmçinin, əlavə qırıcı təyyarələrin İsrailin cənubundakı hava bazalarına yerləşdiriləcəyi gözlənilir.
KAN-a danışan Amerikalı mənbə bildirib ki, yerləşdirilmə F-35 və F-16 eskadrilyalarını gücləndirmək məqsədi daşıyır. Mənbə qeyd edib ki, logistika hazırlıqları başa çatdıqdan sonra yenidən yerləşdirilmə prosesi bir neçə gün ərzində başa çatacaq.
Bu arada, ABŞ administrasiyası Yaxın Şərqdə "yüksək gərginlik və gözlənilməz eskalasiya" ehtimalını əsas gətirərək vətəndaşlarını İsrail və Livana səyahət etməkdən çəkinməyə və bölgəyə səyahət planlarını yenidən nəzərdən keçirməyə çağırıb.
SAMİRƏ