ABŞ prezidenti Donald Tramp televiziya çıxışında bildirib ki, Rusiya Amerika seçkilərinə təsir göstərməyə çalışan "Amerika Birləşmiş Ştatlarının düşmənlərindən" biridir.
"Bir qiymətləndirməyə görə, biz inanırıq ki, ABŞ-ın ən azı Rusiya, Çin, İran, Şimali Koreya və qeyri-dövlət qrupları da daxil olmaqla, düşmənləri Amerika seçki infrastrukturuna təsir göstərmək qabiliyyətinə malikdirlər", - deyə amerikalı lider bildirib.
O, ABŞ-ın ölkənin səsvermə sistemlərinin hücumlara həssas olduğunu göstərən kəşfiyyat məlumatlarını açıqladığını bildirib. Amerika lideri kəşfiyyat orqanlarına, Ədliyyə Nazirliyinə, FTB-yə və Mərkəzi Kəşfiyyat İdarəsinə ABŞ səsvermə sistemlərinin zəiflikləri haqqında məlumatların gizlədilməsini araşdırmaq, əlaqəli şəxsləri işdən çıxarmaq və zərurət yarandıqda cinayət məsuliyyətinə cəlb etmək barədə göstəriş verdiyini bildirib.
Donald Tramp qeyd edib ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti federal seçkilərdə səs vermək üçün qeydiyyatdan keçmiş təxminən 278.000 qeyri-vətəndaşı müəyyən edib. O, Demokrat ştatlar seçici məlumatlarını açıqlamaqdan imtina etdiyi üçün faktiki rəqəmin xeyli yüksək ola biləcəyini etiraf edib. Donald Tramp iddia edir ki, ABŞ-ın dərin dövlətinin üzvləri Çinin seçki müdaxiləsinin miqyasını rəhbərlikdən və ictimaiyyətdən gizlədiblər.
Daha öncə Donald Tramp Çinin 2020-ci ildə adlar, ünvanlar, telefon nömrələri və siyasi baxışlar da daxil olmaqla 220 milyon Amerika seçicisinin qeydlərinə icazəsiz giriş əldə etdiyini açıqlayıb və bunu tarixdə ən böyük məlumat sızması adlandırıb.
Vaşinqtondakı Çin səfirliyi isə, ittihamları rədd edərək, Çinin digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq olduğunu bildirib. Səfirliyin sözçüsü Liu Çanq ABŞ seçkilərinin ABŞ-ın daxili məsələsi olduğunu, Çinin onlara müdaxilə etmədiyini və bunu etmək niyyətində olmadığını vurğulayıb.
Rusiyanın ABŞ seçkilərinə mümkün müdaxiləsi mövzusu isə Donald Trampın 2016-cı ildə seçilməsindən bəri Amerika mediasında qaldırılıb. Kreml bu cür ittihamları dəfələrlə təkzib edib. 2020-ci il ABŞ prezident seçkilərindən əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ hakimiyyətinin Rusiyanı "bir növ müdaxilədə" ittiham etməsini "manyak inadkarlıq" adlandırıb.
SAMİRƏ