ABŞ Prezidenti Donald Tramp xalqa 25 dəqiqəlik müraciətində ölkənin seçki sistemindəki "şokedici zəifliklərdən" danışıb və Çinin 220 milyon Amerika seçicisinin məlumatlarına çıxış əldə etdiyini göstərən kəşfiyyat məlumatlarını açıqlayıb.
Çin hakimiyyət orqanlarının Amerika seçiciləri haqqında ad, ünvan, telefon nömrələri, partiya mənsubiyyəti və digər məlumatları əldə etdiyini bildirən Tramp həmçinin iddia edib ki, Çin səsləri dəyişdirib və onun haqqında mənfi xəbərlər üçün Amerika jurnalistlərinə pul ödəyib.
Onun sözlərinə görə, Çin əldə etdiyi Amerika seçici məlumatlarından Respublikaçı Trampın Demokrat Co Baydenə uduzduğu 2020-ci il prezident seçkilərinə təsir göstərmək üçün istifadə edib.
Tramp qeyd edib ki, təkcə Çin deyil, həm də ölkənin digər "düşmənləri", o cümlədən Rusiya, İran, Şimali Koreya və müəyyən "qeyri-dövlət qrupları" ABŞ seçki sisteminin zəifliklərindən istifadə edə bilər.
Burada əslində konkret hədəfin digər dünya dövlətləri, xüsusilə Çin deyil, ölkənin seçki sistemi olduğu aydın görünür. Amerika seçki sistemindəki zəiflikləri qabartması onun seçki qanunvericiliyində islahatlar aparmaq niyyətindən də xəbər verə bilər. Bu islahatlar baş verəcəksə, onun nələri əhatə edəcəyi maraq doğurur. Bu kontekstdə Amerikada bir nəfərin iki dəfədən artıq prezident seçilməsi yasağının aradan qaldırılması, yaxud prezidentin səlahiyyətlərinin artırılması nəzərdə tutula bilər. Lakin ikinci versiya daha ağlabatan görünür, çünki, özəlliklə İran müharibəsi dönəmində, Trampın bir sıra təşəbbüsləri Konqres tərəfindən təqdir olunmadığından həyata keçməyib. Çox güman, Tramp islahatlara elə bu istiqamətdən başlayacaq.
SAMİRƏ