Vüqar Bayramov: “Avropa maliyyə institutları faydalı qazıntı yanacaq layihələri ilə bağlı məhdudiyyətlərə son qoymalıdır”
IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib ki, qaz nəqli infrastrukturunun genişləndirilməsində əsas maneə Avropa İttifaqının yaşıl gündəliyidir:
“Buna görə də mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsi zəruridir. Lakin bu istiqamətdə əsas maneə Avropa İttifaqının yaşıl gündəliyidir. Avropa maliyyə institutları faydalı qazıntı yanacaq layihələrinin maliyyələşdirilməsində maraqlı deyillər. Bu baxımdan əsas sual ondan ibarətdir ki, boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması üçün zəruri maliyyə vəsaiti haradan cəlb edilməlidir. Digər, bəlkə də daha mühüm məsələ isə uzunmüddətli müqavilələrdir. Çünki hasilatı əhəmiyyətli dərəcədə artırmaq üçün irihəcmli investisiyalar tələb olunur. Əgər müəyyən vaxtdan sonra bizə "təşəkkür edirik, artıq qazınıza ehtiyacımız yoxdur" deyilərsə, onda biz nə edəcəyik?”.
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Forumda cənab Prezident bir sıra strateji məqamlara toxundu: “Həmin məqamlardan biri də məhz enerji resurslarının ixracatı ilə bağlı əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar idi. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqının 2030 və eyni zamanda post 2030 “yaşıl enerji” strategiyası var. Həmin strategiyaya uyğun olaraq da Avroittifaq “yaşıl enerji”nin istehlakdakı payını artırmaq niyyətindədir. Bu konteksdən Azərbaycan təbii qazının Avropa bazarına daxil olması üçün uzunmüddətli müqavilələrə ehtiyac var. Ona görə ki, Cənub Qaz dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi vacibdir. Bu da sərmayə hesabına mümkündür. Bu baxımdan Avropa investorlarının prosesə cəlb edilməsi olduqca vacibdir. Burada da öhdəliklərdən söhbət gedir. Yəni Avropa maliyyə institutları faydalı qazıntı yanacaq layihələrinin maliyyələşdirilməsin biganə yanaşmamalı, bununla bağlı məhdudiyyətlərə son qoymalıdılar. Azərbaycan təbii qaz hasilatını artırmaq potensialına malik ölkədir. Lakin həm hasilatın artırılması, həm də Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi böyük vəsaitlər tələb edir. Bu da birbaşa müqavilələrdən və öhdəliklərdən asılıdır. Cənab Prezidentin də qeyd etdiyi məqam məhz öhdəliklərə uyğun olaraq ixracatın növbəti illərdə artırılması ilə əlaqədardır. Xüsusən də təbii qaz və enerji əməkdaşlığı baxımından Azərbaycanın mövqeyi, rasional mövqedir. Qarşılıqlı öhdəliklərlə Avropa İttifaqı və bütövlükdə regiona təbii qaz ixracatını artırmaqdır”.
Vidadi ORDAHALLI