Züriyə Ruslanqızı: “ABŞ boğazın təhlükəsizliyinə çəkdiyi xərclərin kompensasiyasını birbaşa gəmilərdən deyil, Səudiyyə Ərəbistanı, BƏƏ və digər regional tərəfdaşlardan əldə ediləcək iqtisadi güzəştlər vasitəsilə təmin etmək istəyir”
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazından keçən gəmilərə 20% tranzit haqqı tətbiq etmək qərarını ləğv edib. Tramp “Truth Social” hesabında verdiyi açıqlamada Hörmüz boğazının İran gəmiləri istisna olmaqla, bütün gəmilər üçün açıq olduğunu və İran limanlarına gedən, oradan yola düşən və ya İran yüklərini daşıyan gəmilərə qarşı dəniz blokadasının davam edəcəyini bildirib.
"Yaxın Şərq liderləri ilə yüksək məhsuldar görüşlərdən sonra əvvəllər elan edilmiş 20% rüsumu Körfəz ölkələri ilə ABŞ arasında ticarət və investisiya müqavilələri ilə əvəz etmək qərarına gəldim. Bu investisiyalar böyük olacaq və İran heç vaxt nüvə silahına sahib olmayacaq" – deyə Tramp bildirib.
Daha sonra jurnalistlərə açıqlama verən Tramp qərarın Körfəz ölkələri ilə müzakirələrdən sonra verildiyini bildirib: "Mənə müxtəlif ölkələrin kralları, əmirləri və liderləri zəng etdilər. Onlar mənə ABŞ-a milyardlarla dollar investisiya qoymaq istədiklərini dedilər. Əlbəttə ki, mən bundan məmnun idim, çünki inanıram ki, heç kim Hörmüz boğazı üçün ödəniş almamalıdır".
Tramp dünənki açıqlamasında Hörmüz boğazından keçən bütün gəmilərdən 20% tranzit haqqı tutulacağını açıqlamışdı. O, bunu bölgədəki təhlükəsizlik xərcləri ilə əsaslandırmışdı.
Tramp niyə belə qərar qəbul etdi? Bu qərarın ləğv edilməsinin arxasında nə durur?
Politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a bildirdi ki, Trampın 20 faizlik tranzit haqqından cəmi bir gün sonra imtina etməsi ilk növbədə qərarın hüquqi, iqtisadi və praktiki baxımdan icrasının son dərəcə çətin olması ilə bağlıdır. “Hörmüz beynəlxalq gəmiçiliyin əsas keçidlərindən biridir və ABŞ-ın burada birtərəfli qaydada ödəniş toplaması həm beynəlxalq hüquq baxımından mübahisələrə, həm də müttəfiq dövlətlərin və yükdaşıma şirkətlərinin etirazına səbəb ola bilərdi. Üstəlik, 20 faizlik haqq daşınma, sığorta və enerji xərclərini kəskin artıraraq neftin qiymətinə, inflyasiyaya və dünya ticarətinə mənfi təsir göstərə bilərdi. Artıq təhlükəsizlik risklərinə görə bəzi gəmiçilik şirkətlərinin ABŞ hərbi müşayiəti ilə boğazdan keçməkdən belə çəkindiyi bir şəraitdə əlavə ödəniş tətbiqi gəmi axınını daha da azalda bilərdi.
Lakin bu addımı İran qarşısında tam geri çəkilmə kimi qiymətləndirmək düzgün olmazdı. Tramp tranzit haqqını Körfəz ölkələri ilə ticarət və investisiya razılaşmaları ilə əvəz etməyə çalışır: yəni ABŞ boğazın təhlükəsizliyinə çəkdiyi xərclərin kompensasiyasını birbaşa gəmilərdən deyil, Səudiyyə Ərəbistanı, BƏƏ və digər regional tərəfdaşlardan əldə ediləcək iqtisadi güzəştlər vasitəsilə təmin etmək istəyir”.
Z.Ruslanqızının fikrincə, eyni zamanda İran limanlarına bağlı gəmilərə qarşı blokadanın saxlanması göstərir ki, Vaşinqton Tehrana təzyiq siyasətindən imtina etmir, sadəcə qlobal ticarətə zərər verən və müttəfiqləri narazı sala biləcək mexanizmdən daha seçici təzyiq modelinə keçir. “Deməli, burada söhbət siyasi kapitulyasiyadan deyil, iqtisadi nəticələri hesablanmamış qərarın daha praktik alətlə əvəz edilməsindən gedir”-deyə Z.Ruslanqızı əlavə etdi.
İradə SARIYEVA