Arzuxan Əlizadə: “Azərbaycan artıq təkcə regionun deyil, daha geniş coğrafiyanın siyasi və iqtisadi gündəliyinə təsir göstərə bilən...”
Azərbaycan Cənubi Qafqazda lider ölkədir. Azərbaycanın regional liderlikdən “orta güc” səviyyəsinə yüksəlib. Bunun da əsas göstəricilərindən biri real müdafiə qabiliyyətidir. Bu müasir beynəlxalq münasibətlər sistemində dövlətin siyasi çəkisini və statusunu müəyyən edən əsas amillərdən biri hesab olunur.
Azərbaycanın orta gücə çevrilməsi prosesi və bu prosesin xarici sərhədlərdən kənardakı hadisələrə təsiri bir sıra əsas meyarlarla izah olunur.
Hüdudlardan kənarda baş verən proseslərə tək bir sözlə və ya bəyanatla təsir göstərmək bacarığı, dövlətin potensialının və müstəqil siyasət yürütmək qabiliyyətinin tanınması deməkdir.
Ölkə yalnız öz daxili coğrafiyası ilə məhdudlaşmır, həm də Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasındakı qlobal logistika və enerji marşrutlarının (məsələn, Orta Dəhliz) formalaşmasında qərarlara birbaşa təsir göstərir.
Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq enerji və nəqliyyat layihələri Avropanın və Avrasiya regionunun iqtisadi sabitliyinə birbaşa təsir edən faktorlardandır.
Bilindiyi kimi, Azərbaycanın orta gücə çevrilməsinin meyarlarından biri hüdudlarından kənarda baş verən hadisələrə təsir göstərmək qabiliyyətidir. Azərbaycan
hüdudlarından kənarda baş verən hadisələrə təsir göstərmək qabiliyyətini nələrin timsalında göstərə bilib?
Millət vəkili Arzuxan Əlizadə baki-xeber.com-a bildirdi ki, Azərbaycanın orta gücə çevrilməsinin əsas göstəricilərindən biri yalnız öz milli maraqlarını qətiyyətlə qoruması deyil, eyni zamanda regiondan kənarda baş verən proseslərə təsir imkanlarının əhəmiyyətli dərəcədə artmasıdır: “Son illərdə ölkəmiz enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilərək Avropanın enerji təminatında strateji rol oynamağa başlayıb.
Bununla yanaşı, Qoşulmama Hərəkatına uğurlu sədrlik, COP29-a ev sahibliyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslər, eləcə də Mərkəzi Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin inkişafında oynadığı aparıcı rol Azərbaycanın beynəlxalq proseslərə real təsir imkanlarını nümayiş etdirir.
Azərbaycan humanitar diplomatiya, beynəlxalq əməkdaşlıq və regional təhlükəsizliyin təmin olunmasına yönəlmiş təşəbbüsləri ilə də nüfuzunu artırmaqdadır. Ölkəmiz müxtəlif beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi qəbul olunur, irəli sürdüyü təşəbbüslər geniş dəstək qazanır və qlobal əhəmiyyət daşıyan enerji, nəqliyyat, iqlim və təhlükəsizlik məsələlərinin müzakirəsində mövqeyi nəzərə alınır”. A.Əlizadə vurğuladı ki, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar Azərbaycanın təşəbbüsü ilə yaranıb və bu gün regionda həyata keçirilən bir çox layihələr məhz Bakının mövqeyi nəzərə alınmaqla formalaşdırılır.
“Bütün bunlar göstərir ki, Azərbaycan artıq təkcə regionun deyil, daha geniş coğrafiyanın siyasi və iqtisadi gündəliyinə təsir göstərə bilən, beynəlxalq münasibətlər sistemində çəkisi və nüfuzu artan orta güc statusunu möhkəmləndirmiş dövlətdir”-deyə millət vəkili qeyd etdi.
İradə SARIYEVA