Hüseyn İbrahimov: “Tramp ikinci dəfə prezident olandan sonra sülh gündəliyi ilə bağlı praktiki addımlar atdı”
Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib ki, Prezident Trampın bu günə qədər və bugünkü yanaşması ilə ondan əvvəlki administrasiyaların siyasəti arasında çox ciddi fərq var idi:
“Və bu fərq bu gün də özünü göstərir. Təəssüf ki, təxminən 30 il davam etmiş işğal dövründə ABŞ administrasiyaları, ATƏT-in ozamankı Minsk qrupunun digər həmsədrləri ilə birlikdə, BMT Təhlükəsizlik Şurasının özlərinin də qəbul etdiyi qətnamələr əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olmaq əvəzinə, münaqişənin dondurulması siyasətini yürüdürdülər. Prezident Trampın yanaşması isə tamamilə fərqli idi. Bizim məsələdə Prezident Trampın rolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsində xüsusilə mühüm oldu. Prezident Tramp və onun komandası bu prosesə qoşularaq elə bir çərçivə formalaşdırdılar ki, nəticədə sülh mümkün oldu”.
Görünən odur ki, Tramp administrasiyasının Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasında, iki ölkənin sülhə yaxınlaşmasında rolu böyük olub.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Tramp administrasiyası Azərbaycana rasional yanaşır: “Bu da ondan irəli gəlir ki, Respublikaçılar Partiyası Azərbaycanın regiondakı roluna, strateji əhəmiyyətinə xüsusi önəm verir. Məsələn, Respulikaçılar Partiyasının namizədi Corc Buşun prezidentliyi (2001-2008) dövründə iki ölkə münasibətləri çox yaxşı səviyyədə idi. ABŞ Azərbaycanın ernerji layihələrinə dəstək verdi, 2002-ci ildən başlayaraq bədnam 907-ci düzəlişin dondurulmasına qərar verildi. Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 2001-ci ilin aprelində ABŞ-ın vasitəçiliyi ilə danışıqlar keçirildi. Ancaq Demokratlar Partiyasının hakimiyyəti dövründə ABŞ passiv mövqedən çıxış etdi. Həm Obama, həm də Bayden ərazilərimizin işğalı məsələsində daha çox Ermənistanın maraqlarına uyğun siyasət aparırdı. Trampın dövründə isə siyasət fərqli idi. Düzdür, Trampın birinci prezidentliyi dövründə (2017-2020) Azərbaycan-ABŞ münasibətlərində xüsusi yaxınlaşma, fövqəlada bir hadisə baş verməyib. Lakin İkinci Qarabağ müharibəsi dövründə Tramp administrasiyası Azərbaycanın öz ərazilərini azad etməsinə ciddi mane olmadı. Minsk qrupunun həmsədri olaraq ümumi bəyanat verdilər, amma praktiki olaraq haqq işimizə əngəl yaratmadılar. Ondan sonra Bayden prezident oldu, amma sülh gündəliyinə töhfə vermədi. Bu və ya digər şəkildə Ermənistanın maraqlarına xidmət edən siyasət yeritdi. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda suverenliyini tam bərqərar etdikdən sonra Bayden 907-ci düzəlişi dondurmaqdan imtina etdi. Tramp ikinci dəfə prezident olandan sonra sülh gündəliyi ilə bağlı praktiki addımlar atdı. Nəticədə 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflandı, TRIPP dəhlizinin çəkilməsi ilə bağlı razılıq əldə edildi. Təbii ki, bütün bunların əldə edilməsində prezident Trampın rolu böyük idi”.
Vidadi ORDAHALLI