İran parlamentinin üzvləri ölkə rəhbərliyini ABŞ ilə memorandumun etibarsız elan edilməsinə çağırıblar. Təxminən 180 parlament üzvü qisas almağa, ABŞ ilə memoranduma xitam verməyə, danışıqları araşdırmaq üçün xüsusi komissiya yaratmağa, Hörmüz boğazının idarə olunması haqqında qanun qəbul etməyə və silahlı qüvvələrə hərtərəfli dəstək verməyə çağıran bəyanat yayıblar.
Qeyd edək ki, 18 iyun gecəsi Tehran və Vaşinqton 28 fevralda başlayan münaqişəyə son qoymaq məqsədi daşıyan memorandum imzaladılar. Lakin 8 iyuldan bəri ABŞ ordusu İrana bir neçə hücum həyata keçirib. ABŞ Mərkəzi Komandanlığı bunun İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq edildiyini iddia edib. İran ordusu buna cavab olaraq bir neçə Yaxın Şərq ölkəsindəki ABŞ bazalarına zərbələr endirib. Tehran həmçinin Vaşinqtonu iyunun ortalarında imzalanmış atəşkəs sazişini pozmaqda ittiham edib. 9 iyulda ABŞ prezidenti Donald Tramp atəşkəsin artıq qüvvədə olmadığını elan edib. ABŞ ordusu bu fonda ötən gecə də İrandakı hədəflərə zərbələri davam etdirib. Bundan bir neçə saat əvvəl İran Körfəz regionuna raket hücumları edib. İranın dövlət mediası Hörmüz boğazı yaxınlığında yerləşən Bəndər-Abbas liman şəhəri ətrafında beş partlayışın baş verdiyini bildirib. İranın yeganə atom elektrik stansiyasının yerləşdiyi Buşəhr liman şəhərinin də hücuma məruz qaldığı bildirilir. Bundan əlavə, İranın cənub sahilləri yaxınlığındakı Kiş, Qeşm və Əbu Musa adalarında da partlayışlar qeydə alınıb. Tramp ABŞ-nin İranla yenidən müharibə vəziyyətində olduğunu həftəsonu Konqresə rəsmən bildirib. Bununla da prezident Konqresdən rəsmi icazə almadan 60 gün ərzində hərbi əməliyyatlar aparmaq səlahiyyəti əldə edib. O, Ağ Evdə jurnalistlərə deyib ki, zərbələrin məqsədi İranın Hörmüz boğazında dəniz nəqliyyatına mane olmaq imkanlarını sıradan çıxarmaqdır. Tramp münaqişəyə son qoyacaq razılaşmanın hələ də mümkün olduğunu vurğulayıb: "Bəli, fikrimcə, razılaşma mümkündür. Əlbəttə mümkündür". Bu durumda artıq bir neçə gündür iki ölkə arasında sülh razılaşmasının taleyi ilə bağlı suallar davam edir. Tramp da bildirib ki, Anlaşma Memorandumu artıq onun nəzərində qüvvədən düşüb. Amma əlavə edib ki, əgər tərəflər sülh sazişi istiqamətində irəliləyiş əldə edə biləcəklərinə inanırlarsa, danışıqları davam etdirə bilərlər. Son zərbələr isə bu perspektivləri daha da zəiflədib.
Samirə SƏFƏROVA