Təbriz Musayev: “Müharibənin nəticələrini qəbul etməyən dövlətlərin başında Fransa gəlirdi”
Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib ki, müharibədən sonrakı dövr çox çətin olub:
“Müharibə dövründəki müraciətlərim də yaxın tarixin hadisələridir, bunu təkrarlamaq istəmirəm. Müharibədənsonrakı dövr, bu, çox yəni çətin dövr idi. Müharibə qədər olmasa da, çox çətin idi. Çünki müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi. Onu qəbul etmək istəməyən kifayət qədər qüvvətli dövlətlər, dairələr, ayrı-ayrı şəxslər var idi. Bizim ya qələbəmizi əlimizdən almaq, ya onu yarımçıq etmək, ya da ki, yenə Azərbaycanı asılı vəziyyətdə saxlamaq, yəni Azərbaycan ədalətin tam bərpasına nail olmasın deyə müxtəlif fitnələr təşkil etmək. Bütün bunları biz yaxşı xatırlayırıq”.
Maraqlıdır, müharibənin nəticələrini qəbul etməyən hansı dövlət və dairələr idi?
Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev baki-xeber.com-a açıqlamasında bildirdi ki, müharibənin nəticələrini qəbul etməyən dövlətlərin başında Fransa gəlirdi: “Ən çox müharibənin nəticələrini qəbul etməyən dövlət Fransa idi. Fransa istəmirdi ki, status-kvo dəyişsin, işğal aradan qalxsın. Parisin məqsədi o idi ki, Azərbaycan işğalla barışsın. Vətən müharibəsi dövründə Prezident İlham Əliyevə zəng edən, müharibənin dayandırılmasını istəyən Makron olub. Müharibə dövründə Qarabağ məsələni dəfələrlə BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmağa, Azərbaycana qarşı qətnamə qəbul etməyə cəhd edən ölkə Fransa olub. 44 günlük müharibə bitən kimi, Fransa parlamenti Qarabağ separatçılarının “müstəqilliyini” tanıdı. Fransada demək olar əksər dairələr, Ermənistanın tərəfini tutdu, işğal amilini görməzdən gəldilər. O dövrdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi çoxsaylı qərəzli qətnamələrin arxasında məhz Fransa dayanırdı. Müharibənin uğurla bitməsini istəməyən digər tərəf Rusiya və bu ölkədə olan bir sıra dairələr idi. Məsələ ondadır ki, Rusiya imkan vermədi 44 günlük müharibə zamanı Azərbaycan Qarabağı tamamilə azad etsin. Rusiya “sülhməramlı” adı altında qoşunlarını Qarabağa yeritdi. Məqsəd daimi olaraq orada qalmaq idi, amma alınmadı Onu da qeyd edim ki, 44 günlük müharibə zamanı ABŞ prezidenti Tramp idi. ABŞ Konqrüsində bəzi dairələr xaric, Tramp administrasiyası bizə o qədər də mane olmadı. Ancaq 2021-ci ildə Bayden administrasiyası hakimiyyətə gələndən sonra müharibənin nəticələrini qəbul etmək istəmirdi. Ancaq onlar nəyəsə nail ola bilmədilər. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatları nəticəsində Qarabağda suverenliyimiz tam təmin edildi”.
Vidadi ORDAHALLI