Məhəmməd Əsədullazadə: “Prezident aydın şəkildə mesaj verdi ki, bu ədalətsizliyə son qoyulmalıdır”
Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin tam köhnəldiyini deyib, onun ləğvinin vacibliyindən danışıb.
Ölkə başçısı deyib ki, birincisi, Azərbaycan ilə Ermənistan arasında Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi paraflanıb: “İkincisi, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar.
Bir sözlə, bütün bunlar göstərir ki, həmin düzəliş tamamilə köhnəlib və tam ləğv edilməlidir. Prezident Trampın qəti mövqeyinə baxmayaraq, əfsuslar ki, vəziyyət olduğu kimi qalır. Yeri gəlmişkən, ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı Ağ Evdə Prezident Tramp mənim iştirakımla həmin düzəlişin qüvvəsinin növbəti bir il üçün dayandırılması ilə bağlı sənədi imzaladı və o, hazırda işləmir, lakin onun rəmzi mənası, siyasi mənası hələ də qalır”.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Prezident Əliyevin Forumda ABŞ-Azərbaycan əlaqələri barədə qeyd etdikləri tamamilə obyektiv və reallıqlara söykənir: “Çünki Birləşmiş Ştatlarla Azərbaycan arasında strateji tərəfdaşlıq razılaşması var. Tərəflər arasında münasibətlər yüksək səviyyədədir. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh mətnin paraflanmasında Vaşinqton birbaşa iştirak edib. Artıq TRIPP marşrutu ilə bağlı ABŞ-la Ermənistan arasında ikitərəfli razılaşma var. Azərbaycan birtərəfli qaydada Ermənistanla bağlı nəqliyyat blokadasını aradan qaldırıb. Həmçinin Ermənistana yanacaq tədarükünü həyata keçirir. O üzdən, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin birdəfəlik ləğvinin vaxtı çoxdan çatıb. Onsuz da həmin vaxt bu düzəlişin qəbul edilməsi böyük ədalətsizlik idi. İşğala, blokadaya məruz qalan tərəf Azərbaycan idi. Buna baxmayaraq erməni lobbisinin təşəbbüsü ilə Konqres Azərbaycana qarşı belə ədalətsiz düzəliş qəbul etdi. Bütün bunlara baxmayaraq, bu gün Ermənistana bir sıra yüklər Azərbaycan üzərindən daşınırsa, deməli, 907-ci düzəlişin qalması üçün heç bir əsas qalmayıb. Ona görə də bu, bədnam düzəlişin ləğvi mütləq həyata keçirilməlidir. Prezident aydın şəkildə mesaj verdi ki, bu ədalətsizliyə son qoyulmalıdır. Konqres bu yöndə praktiki addımlar atmalıdır”.
Vidadi ORDAHALLI